KLASSİK EPİK ƏNƏNƏ VƏ ŞİRVAN AŞIQLARININ DASTAN SÖYLƏYİCİLİYİ
Tariyel QƏNİ

Klassik epik ənənə həmişə elmi-nəzəri fikrin nəzər diqqətini özünə cəlb etmiş və müxtəlif istiqamətli təhlilləri zərurətə çevirmişdir. Şirvan aşıq mühitinin dastan söyləyiciliyində epik ənənənin yaşarlığı və özünəməxsusluq səciyyəsi də bura daxildir. Ümumiyyətlə, Azərbaycan aşıq mühitlərinin zənginliyində dastan söyləyiciliyi bir tərəfdir. Bunun ozandan aşığa gələn möhtəşəm bir sənət təcrübəsi vardır. “Kitabi-Dədə Qorqud” dastanının mətn informasiyası təkcə dastanın janr tipologiyasını ortaya qoymur, həm də söyləyici (ozan repertuarı) məsələsini də diqqət önünə gətirir. Şirvan aşıq mühiti də bu baxımdan tarixi-mədəni axarın üzərində köklənmiş sənət ocaqlarındandır. Orada ayrı-ayrı zaman kəsiklərində yaşamış sənətkarların sənət yükü və əhatələdiyi söyləyicilik auditoriyası  bir bütöv olaraq mükəmməl zənginliklə faktlaşır. Aşıq Bilal, Aşıq Əhməd, Aşıq Şakir, Aşıq Pənah, Aşıq Xanmusa, Aşıq Məmmədağa, Aşıq Barat, Aşıq Yanvar və s. kimi ustadların məclis ədəb-ərkanı, repertuar zənginliyi bunun örnəyidir. Klassik dastanların (“Koroğlu”, “Aşıq Qərib”, “Qurbani”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Xəstə Qasım və Mələksima”, “Valeh və Zərnigar”, “Aşıq Əmrah”) eləcə də yaxın zamanlarda yaranan dastan örnəklərinin (“Aşıq Mirzə Bilal”, “Şirvan və Fərqanə”, “Yasər Xəzri və Səhər Təbrizi”, “Canbaxış və Qudyal”, “Aşıq Şakir və Ceyran xanım”  və s.) auditoriyada özünə yer alması tarixi axarın davamlılığını göstərir. Bütün bunlar Şirvan aşıq mühitində dastan söyləyiciliyinin ümumi axarını sərgiləyir.

 

Açar sözlər: Şirvan dastan söyləyiciliyi, epik ənənə, epos, dastan, Şirvan aşıqları, aşıq repertuarı