İSA MUĞANNANIN BƏDİİ NƏSRİNDƏ TALE KODLARININ TƏCƏSSÜMÜ
Ülvi Mikayılov

Araşdırmada Azərbaycan yazıçısı İsa Muğannanın bədii nəsrində milli və bəşəri dəyərlərin yer almasından bəhs edilir. İsa Muğannanın bədii irsinə nəzər saldıqda müşahidə etmək olur ki, nasir yazdığı bütün əsərlərdə öz tale kodlarını zaman-zaman əks etdirmişdir. Bilindiyi kimi İsa Muğannanın yaradıcılığının birinci dövründə əsasən müharibə dövrü və müharibənin gətirdiyi çətinliklərdən bəhs edilmişdir. Nasir öz görüb yaşadıqlarını, şahidi olduğu bədii obrazların timsalında oxucuya təqdim etmişdir. “Quru budaq” povestində canlandırdığı Nuru və qardaşı Şövkət Tahirlinin obrazlarında müəllif avtobioqrafiyasının cizgiləri duyulmaqdadır. Şövkət Tahirli ədalətsiz cəmiyyətə qarşı mübarizə aparan bir mübariz obraz idi. Bu obrazı yaratmaqla sanki İsa Muğanna özü danışırdı. Daha sonra qələmə aldığı “Faciə” povestində də müəllif Zəlimxan obrazının timsalında yenə də sanki özü çıxış edirmiş kimi təsir bağışlayır. Nasir “İdeal” və onun ardınca yazdığı əsərlərdə daha çox bəşəri ideyaları qabardır. “İdeal” romanı bütövlükdə İsa Muğannanın avtobioqrafik taleyini əks etdirməsə də, bu əsərdə də müəyyən bioqrafik elementlər hiss olunmaqdadır. “İdeal” və sonrakı əsərlərdəki OdƏr dili, SafAğ elmi əsas yerlərdən birini tutur. Müstəqillik illərində yazdığı “GurÜn” romanında yazıçı Azərbaycan şairi Nizami Gəncəvinin və Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın bədii obrazlarını canlandırır. Müəllif öz bioqrafiyası ilə bərabər tarixi şəxsiyyətlərin surətlərini də əsərlərində zaman-zaman əks etdirmişdir. Bütövlükdə İsa Muğannanın bədii irsində bəşəri əhəmiyyət kəsb edən məqamlar heç də az deyil. Yazıçı ümumilikdə yaradıcılığı boyu öz tale kodlarından bəhrələnmişdir. 

Açar sözlər: Azərbycan ədəbiyyatı, İsa Muğanna, bədii nəsr, roman, avtobioqrafizm
DOI: