Farsdilli ədəbiyyat dünyanın ən qədim və zəngin ədəbiyyatlarından biri hesab olunur. Əsasən Azərbaycan, İran və Orta Asiya xalqlarının yaratdığı bu ədəbiyyat böyük bir inkişaf yolu keçmişdir.
Farsdilli ədəbiyyatın ən az öyrənilmiş, tədqiqatlardan kənar qalmış qollarından biri Farsihud ədəbiyyatıdır. Farsihud ədəbiyyatı əsasən məzmunu müxtəlif yəhudi və islami mənbələrdən alınmış məlumatları özündə cəm etmiş yəhudi dini ədəbiyyatıdır.
Mövzu olaraq farsihudda yazılmış əsərlər istər nəzm, istərsə də nəsr olmaqla növbənövdur: dini, elmi, irfani, ədəbi, tərcümə, xatirələr və s. Bu əsərlər fars dilinin hakim olduğu ərazilərdə yaşayan yəhudilər, xüsusən də, fars dilində danışa bilən, yaxud yazı-oxu bilməyən yəhudilər üçün nəzərdə tutulurdu.
Farsihudda ilk yazılara X əsrdə rast gəlinir ki, bu əsərlər dua və midraşların, həmçinin “Əhdi-Ətiq”dəki rəvayətlərin fars dilinə tərcüməsindən ibarətdir. XIII əsrdən etibarən isə farsihud ədəbiyyatı əsas təkamül dövrünə qədəm qoymuş, fars-yəhudi ədəbiyyatının ən məşhur nümayəndələri olan Mövlana Şahin Şirazi, İmrani, Xacə Buxarayi, “Əmina” təxəllüslü Binyamin ibn Mişail, “Raqib” təxəllüslü Elişa ibn Şmuel, Aaron ibn Məşiah, Yəhuda ibn Elazar, Babayi ibn Lütf və nəvəsi Babayi ibn Fərhad, Məşiah ibn Rafael, Şəhab Yəzdi, Simantov Melamed və digər iranlı yəhudi şairlər öz tarixi, dini-məzhəbi, irfani və lirik əsərləri ilə farsdilli ədəbiyyatın zənginləşməsinə xidmət etmişlər.
Hazırkı məqalədə Fars-yəhudi ədəbiyyatının banisi və ən görkəmli nümayəndəsi Mövlana Şahin Şirazinin həyat və yaradıcılığı araşdırılmış, şairin bu gün üçün əldə olan 4 əsərinin: “Musanamə”, “Ərdəşirnamə”, “Əzranamə” və “Bereşitnamə” əsərlərinin yazılma tarixi və məzmunu haqqında məlumat verilmişdir.
doi.org/10.30546/2702-0034.2025.1.28.010