ƏLİ RAZİ ŞAMÇIZADƏNİN YARADICILIĞINDA GƏNCƏNİN MƏDƏNİ VƏ İCTİMAİ MÜHİTİNİN SATİRİK-BƏDİİ İFADƏSİ
Təranə Verdiyeva

Məqalədə XX əsrin əvvəllərində Gəncədə yaşayıb yaradan humanist ideyalı şair Əli Razi Şamçızadənin həyat və yaradıcılığından bəhs olunur. Tədqiqat işində Razinin ulu nənəsi şairə Şəmamə xanım haqqında da məlumat verilir. Bu məlumatlar Əli Razinin öz yaradıcılığından götürülmüş nümunələr əsasında tədqiq edilir. Məqalədə eyni zamanda şairin Gəncədə aldığı ilk təhsilindən də söhbət açılır. Qısaca olaraq o dövrdə Gəncədə fəaliyyət göstərən rus-tatar (Azərbaycan) məktəbinin təhsil sistemi və orada dərs deyən peşəkar pedaqoqlardan danışılır. Məqalədə görkəmli maarifpərvər şair Abdulla Surun Əli Razinin fəaliyyətinə və dünyagörüşünə təsiri də diqqətə çatdırılır. Həmçinin Əli Razi Şamçızadənin “Molla Nəsrəddin” jurnalı və onun peşəkar üzvləri ilə əlaqəsindən, bu satira məktəbinin şairin yaradıcılığı, eyni zamanda ictimai ideyalara baxışında yaratdığı dönüşdən bəhs edilir.

Əli Razinin humanist ideyalı şeirləri hər zaman sadə xalqın mənafeyinin qorunmasına, zülmə, haqsızlığa məruz qalan qadınların susdurulmuş səslərinin eşidilməsinə, cəmiyyəti narahat edən siyasi-ictimai məsələlərin işıqlandırılmasına xidmət etmişdir. Yazıda şairin ədəbi irsindən verilən nümunələrdə məhz bu problemlərdən bəhs olunur. Gəncənin ictimai-siyasi, mədəni, elmi mühitini əks etdirən həmin şeirlər məzmun və ideya baxımından təhlil edilir. Məqalədə həmçinin ədəbi və ictimai fəaliyyətini xalqa xidmətə həsr edən şairin Yazıçılar Birliyinin məsul katibi olduğu zaman bədii yaradıcılığının istiqamətinə diqqət edilir. Bu istiqamətin nəticəsində çar rejiminin təqiblərinə məruz qalaraq sonda güllələnmə ilə bitən nakam şair ömrünün qısa bir hissəsi oxucuya çatdırılır.

Nəticədə isə Azərbaycan ədəbiyyatı tarixinə adı şair-publisist kimi düşən Əli Razi Şamçızadənin ədəbi irsinin Gəncənin ictimai-siyasi mühitinin tədqiqindəki önəmi diqqətə çatdırılır.

Açar sözlər: Gəncə, humanizm, şeir, ideya, mühit