XAQANİ ŞİRVANİNİN NƏSRİ VƏ ŞAİRİN YENİ ƏLYAZMASI
Elnarə Zeynalova

Məqalədə Xaqani Şirvaninin yaradıcılığından ən az öyrənilən sahə olan nəsr əsərləri və  şairin yeni əldə olunan əlyazması tədqiqat obyekti kimi araşdırılıb. Əvvəlcə şairin nəsrinin araşdırılma tarixindən bəhs edilmiş, onlardan elmə məlum olan nümunələr göstərilmiş, daha sonra Dublində (İrlandiya) Chester Beatty kitabxanasından əldə olunan MS 3798 şifrəli əlyazma və əlyazmadakı ərəbcə iki məktub haqqında məlumat verilmişdir. Məktublardan birincisi Qutb əd-Din əl-Əbhəriyə, digəri isə Auhəd əd-Din əl-Gəznəviyə ünvanlanıb. Qeyd etmək lazımdır ki, bu məktublar həm də Türkiyə Süleymaniye yazma eser kütüphanesi "Damad İbrahim Paşa" Koleksiyonu'nda yer alan 1173/4 şifrəli əlyazmada da öz əksini tapıb. Hər iki əlyazmanın müqayisəsi göstərdi ki, Chester Beatty nüsxəsi Süleymaniye nüsxəsinə görə həm daha qədimdir, həm də daha aydın xətlə yazılıb. Hər iki nüsxə əsasında aparılan tədqiqat belə deməyə əsas verir ki, Xaqaninin ərəbcə yazdığı bu iki məktubun tərcüməsi və geniş elmi təhlili Xaqaninin dünyagörüşü, hicrətin VI əsrində Azərbaycanda sufiliyin yayılması, məktubların ünvanlandığı iki tarixi şəxsiyyət, orta əsr Azərbaycan əyalətlərindən olan Xunəc və s. kimi məsələlər barədə yeni məlumatların üzə çıxarılmasına kömək edəcək. Məqalədə Abd əl-Vahhəb bin Əbi əl-Fadl ət-Təbrizi adlı xəttat tərəfindən hazırlanan Chester Beatty nüsxəsinin yazılma tarixi (hicrətin 581-ci ili) və əlyazmanın əvvəlində xəttatın şairin ruhuna rəhmət oxuması nəzərə alınaraq, Xaqaninin vəfat tarixinə mümkün olan bütün mənbələr əsasında yenidən nəzər salmağın vacibliyi xüsusi vurğulanıb.

Açar sözlər: Xaqani Şirvani, nəsr, Chester Beatty, əlyazma, məktub