XX əsr Türkiyə ədəbiyyatının təkamülü baxımından sosialist realizmi diskursu (Fakir Baykurtun “Tırpan” romanı əsasında)
Fatima DURSUNOVA

Bu məqalədə tanınmış türk yazıçısı Fakir Baykurtun “Tırpan” romanı əsasında XX əsr türk ədəbiyyatında sosialist realizmi estetikasının təşəkkülü prosesləri təsvir edilir. SSRİ xalqlarının ədəbiyyatlarında sosialist realizmi cəmiyyətdə yekdilliyin formalaşması üçün mühüm bir mənbə kimi dövlət tərəfindən dəstəklənirdi, türk ədəbiyyatında isə tam əksinə, ixtilaf mənbəyi kimi senzuraya məruz qalırdı. Türk ədəbi tənqidçiləri öz ədəbiyyatları daxilində bu istiqaməti dəqiq şəkildə müəyyən etmirlər, çox vaxt dünya ədəbiyyatında sosial realizm (“social realism”) kimi tanınan cərəyanla qarışdırırlar. Türkiyə ədəbiyyatında sosialist realizmi solcu türk yazıçıları-nın yaradıcılığında müşahidə edilir, məhz onlar sovet ədəbiyyatının ideoloji-estetik prinsiplərinin güclü təsirinə məruz qalmışdılar. Fakir Baykurtun “Tırpan” romanı sosialist realizminin SSRİ xalqları ədəbiyyatından fərqli bir bədii-estetik kontekstdə təqdim olunması ilə diqqət çəkir. Romanın sosialist realizmi paradiqması ilə əlaqəli olan folklor üslubu xüsusi maraq doğurur.
Məqalədə F.Baykurt və M.Qorkinin yaradıcılığı arasında da əlaqə yaratmağa cəhd göstərilir. Bu baxımdan romanın süjet xəttinə türk marksist inqilabçısı obrazının daxil edilməsi maraqlı müəllif ideyası kimi qiymətləndirilə bilər. Belə bir fikir irəli sürülür ki, müəllif ilkin versiyada romana “Oraq” adı vermək istəyirmiş, lakin kommunist hərəkatının simvolları ilə açıq-aşkar səsləşdiyinə görə, senzuradan ehtiyatlanaraq, “Tırpan” adını vermişdir. Bu halda romanın başlığı da ideoloji mesaj daşıyır. Məqalədə qeyd edilir ki, XX əsr türk ədəbiyyatında gedən proseslərin öyrənilməsi sosialist realizmi ədəbi cərəyanının tədqiqi üçün böyük nəzəri əhəmiyyət kəsb edə bilər.

Açar sözlər: sosialist realizmi, türk ədəbiyyatı, Fakir Baykurt, “Tırpan” romanı, Şahin nəğməsi, folklor üslubu, türk marksist inqilabçısı obrazı