MÜSƏLMAN ŞƏRQİNİN XALÇA DİLİ VƏ ƏNƏNƏLƏRİ MÜSTƏVİSİNDƏ AZƏRBAYCAN XALÇA DİLİ VƏ DİALEKTLƏRİNİN ÖZÜNƏMƏXSUSLUQLARI
Rafael HÜSEYNOV

Azərbaycan xalçasının ilmə və naxışlarının, həndəsi və nəbati cizgilərinin və bu qəbildən
olan bütün süsləmə ayrıntılarının sadəcə bəzək vasitələri deyil, həm də məna ifadəedicisi,
özünəməxsus dil və işarələr şəbəkəsi olduğunu xalçaşünaslıq elmimizdən xeyli
əvvəl həqiqətləri dəqiq nişan verməyi bacaran xalq düşüncəsi, folklorumuz müəyyənləşdirib.
“Baftaçı Şah Abbas” nağılında təsvir edilən hadisə xalça semiotikası ilə birbaşa
bağlıdır. Zindana atılmış və orada toxuduğu bafta sarayına yetişərkən elə ilk baxışdanca
həyat yoldaşının “Bu baftaya darlıq naxışı vurulub, Şah Abbas dardadır” söyləməsi naxış
“xətt”in oxunabilənliyini təsdiqləməkdən əlavə həmin xəttin hansı sözləri və mətləbi çatdırmasının
bariz göstəricisidir. “Xalça dili” deyimini elmi dövriyyəyə gətirirkən məqsəd
yalnız heç də hansısa naxışların və digər xalça ünsürlərinin hökmən müəyyən sözlərin,
fikirlərin qarşılığı (ekvivalenti) olduğunu çatdırmaq deyil. Xalçaçılıqda, naxışçılıqdakı
Azərbaycan üslubu elə mahiyyəti etibarilə Azərbaycan toxuma, naxışvurma sənətinin
özünəməxsus dili deməkdir. Azərbaycan dilinin lüğət tərkibinə, dünyanın bütün digər
dillərində olan təki, çox dillərin sözləri qatılıb. Lakin böyük əksəriyyəti lap əskilərdən
dilimizdə vətəndaşlıq hüququ qazanmış ərəb-fars kəlmələri təşkil edir. Yaxın və Orta
Şərqin orta çağdan üzü bəri mədəniyyəti, ədəbiyyatı, elminə də bu cür qovuşmaqlıq, birbirində
əriyib-itməklik, bir-birindən bəhrələnmək səciyyəvidir. Başqa sözlə, Yaxın və
Orta Şərqin ortaq müsəlman mədəniyyəti fəzası elə onların müştərək dili deməkdir, çünki
bu müstəviyə üstdən nəzər salarkən müsəlman Şərqinin onlarca xalqının sənət, elm təfəkkürünü
yaxınlaşdıran, bəzi məqamlarda eyniləşdirən saysız miqdarda ortaq qəliblərin,
məktəblərin, istiqamətlərin varlığına şahid kəsilirik. Məhz bu ortaq estetik və intellektual
meyarlar müsəlman Şərqi mədəni irsini bütövlükdə dünya mədəniyyətinin ümumi palitrasında
bütün bənzərsizliyi və özünəməxsusluğu ilə seçdirən dildir – müsəlman Şərqinin
universal sənət dili və ortaq sənət dili. Lakin oxşarlıqların, üst-üstədüşmələrin hamısını
nəzərə almaqla bunu da unutmamalıyıq ki, həmin möhtəşəm müstəvidə Azərbaycan sənətinin
öz dili, digər xalqların da hər birinin yenə təmiz öz milli dili var.
Müsəlman xalqları xalça sənətində kəsişən xətlər nə qədər boldursa da, İranın,
Anadolunun, Qazaxıstanın, Özbəkistanın, Azərbaycanın və digərlərinin hər birinin xalça
dilinin özəlliyi duyulmaqdadır. Hətta bir-birinə xeyli yaxın Əfqanıstan, İran, Tacikistan
və ya bir-birinə qan qohumu olan oğuz mənşəli Azərbaycan, Türkiyə, Türkmənistan xalçalarına
nəzər salanda da həmin fərqlilik mütləq hiss edilir. Bir başqa cəhətsə ondan ibarətdir
ki, eyni dil ailəsinə daxil olaraq bir-birinə həm bənzər, yaxın, həm də sırf özünəməxsusluğu
ilə seçilən, müstəqilləşən dillər kimi, ayrı-ayrı ölkələrə məxsus xalçaların
özlərinin də daxilində, elə hər dilin içində ləhcələr, şivələr olan sayaq, müəyyən bölgələr
üzrə fərqlənmələr, şaxələnmələr var.
Qarabağ, Təbriz, Şirvan, Quba, Naxçıvan, Dərbənd... camaatının hər birinin azərbaycancasında
deyiş, tələffüz, səs məxrəci fərqlilikləri olan kimi, həmin bölgələrin və digər
Azərbaycan xalçaçılıq mühitləri və məktəblərinin hər birinin xalça dilində də özünəxas
icra, ifadə, çalar seçkinliyi aşkardır ki, bunu da dolayısı ilə ortaq Azərbaycan xalça
dilinin ləhcələri, şivələri olaraq dəyərləndirmək mümkündür.

Açar sözlər: naxış, xalça dili, semiotika, fərqlilik, müştərəklik, Azərbaycan xalça məktəbləri, xalça qrupları və tipləri, Lətif Kərimov, xalçaşünaslıq elmi, ləhcələr və şivələr