Nizami muzeyinin binasının tarixi ilə bağlı bəzi faktlar
Zarema İbrahimova

Məqalədə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
çox maraqlı tarixə malik olan binası haqqında məlumat verilir. Bildiyimiz kimi,
muzeyin binasının tarixi XIX əsrin ortalarından başlayır. 1860-cı ildə Bakı
quberniyasının baş arxitektor vəzifəsini tutan memar Qasım bəy Hacıbababəyovun
layihəsi əsasında əvvəl birmərtəbəli olan karvansaranın üstünə ikinci mərtəbə əlavə
edilir. “Metropol” mehmanxanası yaranandan bir müddət sonra Bakı milyonçusu
Hacı Hacıağa Dadaşov bu mehmanxananı Tiflisdə hərracda əldə edir. 1914-cü ildə
mülki mühəndis Aleksandr Nikitinin layihəsi əsasında binaya üçüncü qat əlavə
olunur və böyük banket zalı tikilir. Sovet hakimiyyəti qurulandan sonra “Metropol”
mehmanxanası bağlanır, bina bir çox təyinatlarla istifadə edilir və tədricən yararsız
hala düşür.
Dadaşovlar ailəsinin iki məşhur nümayəndəsinin adları – Hacıağa Dadaşov və
onun qardaşı nəvəsi Sadıq Dadaşovun adları binanın tarixi ilə sıx bağlıdır.
1940-1943-cü illərdə binaya ikinci həyat bəxş edən dahi şəxslər – memarlar
Sadıq Dadaşov və Mikayıl Useynov oldular. Görkəmli memarlar binanın fasadında
tağlar açaraq dahi Azərbaycan ədiblərinin heykəllərini tağlarda yerləşdirmiş,
dördüncü mərtəbə əlavə edərək, binanın görkəmini büsbütün yeniləşdirmişlər.
Azərbaycan ədəbiyyatı tarixinin hərtərəfli öyrənilməsində, milli ədəbiyyat
nümunələrinin toplanıb mühafizə edilməsində Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin rolu əvəzolunmazdır. Muzeyə daim dövlət tərəfindən
qayğı göstərilmiş, onun təmiri, yenidən qurulması üçün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə əlaqədar olaraq 2005-ci ildə muzeyin
direktoru Rafael Hüseynovun böyük səyi və əməyi nəticəsində muzey təmirə
bağlanmışdır. Təmir başlayanda sanki bir möcüzə ilə bina xilas olundu. Yaşı 150-dən
çox, özü isə 4 mərtəbədən ibarət olan hündür binanın cəmi 20 santimetr bünövrəsi
var idi. Tamam qəza vəziyyətində olan binaya təzədən 3 metr enində təməl

tökülmüşdür. Divarlar keyfiyyətli şəkildə suvanmışdır. Sahəsi 4.500 kvadratmetrə
qədər olan döşəmələr mozaikalı parketlə örtülmüşdür. Bərk ağac materialından
hazırlanmış yeni qapı və pəncərələr qoyulmuşdur. Binanın damına müasir metalkirəmid
örtük, pilləkənlərə, həyətə və binanın ətrafına qranit və mərmər örtük
çəkilmişdir. Bu və digər zəruri təmir işlərindən sonra Nizami muzeyinə tamam yeni
və işıqlı bir həyat bəxş olundu. 2009-cu il may ayının 14 -də əsaslı təmirdən sonra
muzeydə geniş kütlə üçün açılış mərasimi keçirildi. Hal-hazırda muzey 6 fevral
2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami
Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd olunması
haqqında sərəncamına əsasən növbəti böyük yubiley günü ərəfəsindədir.

Açar sözlər: Nizami muzeyi, bina, Metropol, memarlıq, yenidənqurma