GENDER SOSİALLAŞMASI GENDER İDENTİKLİYİNİN DƏRKOLUNMA PROSESİ KİMİ
Vüsalə AĞABƏYLİ

Məqalə gender identikliyinin formalaşmasında gender sosiallaşmasının əsaslı rolundan bəhs edir. Bir sıra ədəbiyyatlarda “gender tədqiqatları” dedikdə, qadın məsələləri üzərində aparılan tədqiqatlar və ya feminist tədqiqatlar başa düşülsə də, əslində isə, gender tədqiqatları, ilkin olaraq, cinslərinin sosial-psixoloji və sosial-mədəni xüsusiyyətləri aspektindən araşdırılmasını nəzərdə tutur. Təbii ki, qeyd olunanların fonunda ictimai və sosial mühit, iqtisadiyyat, siyasət də nəzərə alınır. Genderin nəzəri anlamında əsas yer onun sosio-mədəni kateqoriya kimi şərhinə məxsusdur. Gender sosiallaşmasında mədəni, psixoloji amilləri bioloji amillərlə qarışdırmaq məsələnin əsas mahiyyətindən yayınmaq deməkdir. Gender rollarının müəyyənləşməsi bioloji amillərlə deyil, gender kimliyi ilə bağlıdır.

Gender indektikliyinin üzə çıxmasında ən mühüm amil ailədir. Patriarxal cəmiyyətin daşıyıcıları olan valideynlər qızlarını daha çox himayə altında saxlayır, oğlanlarına daha çox sərbəstlik verir, onları daha çox iqtisadi baxımdan asılı olmamaq istiqamətində tərbiyə edirlər. Cinslərin  genderoloji sosiallaşmasına zərər vuran amillərdən biri də, son dövrlər bəzi Avropa ölkələrində eynicinslilərin nigahları və onların övladlığa uşaq götürməsinə icazə verilməsidir. Gender identikliyinin formalaşmasında təhsil və rol bölügüsü fərqləri də əsaslı rol oynayır. Qadınların əksəriyyəti humanitar ixtisaslar üzrə təhsil alarkən, kişilər idarəedici təhsil sahələrinə yönəldilir. Rəhbər vəzifələrdə təmsil olunma, qərarverici qüvvə və hakim mövqedə kişilərin yüksək faizlə təmsil olunduğunu müşahidə etmək mümkündür.

Gender identikliyinin müəyyən olunmasında yalnız cinslərasındakı bioloji fərqlər yetərli olsaydı, onda cəmiyyətdə transseksuallara, tranvestislərə rast gəlinməzdi və iki cins – qadın və kişi cinsləri arasında konkret rol bölgüsü daşıyan sədd olardı. Beləliklə, şəxsiyyətin psixoloji strukturu və gender kimliyi ilk növbədə ailənin, daha sonra təhsilin və son dövrlər medianın vasitəsilə formalaşır.

Açar sözlər: gender, identiklik, sosiallaşma, ədəbiyyat, sosio-mədəni, rol