İNGİLİS ƏDƏBİYYATINDA SƏYAHƏT UTOPİYASI
Mahirə HACIYEVA

Gördüyümüz kimi, ingilis ədəbiyyatında 16-cı əsrdə başlayan səyahət utopiyası 18-ci əsr bədii ədəbiyyatında macəra dolu səyahətlərə can atan, bununla həm maddi, həm də mənəvi rifaha nail olacağını düşünən qəhrəmanların hekayəsinə çevrilir. Burada səyyahların catacağı mənzildən çox bu mənzil üçün qət etdikləri yol önəm daşıyır. Buradakı utopiya sadəcə maddi rahatlıq içərisində keçən firəvanlıq deyil, mənəvi dinclik, ruhi sakitlik və əqli inkişafdır.

18-ci əsr ingilis ədəbiyyatında bədii utopiya özündən əvvəlki səyahət ənənəsini davam etdirsə də qəhrəman obrazının inkişafı baxımından fərqlidir. Burada səyahət həm fiziki olraq dünyanı gəzmək həm də bir mənəvi yolçuluq anlamı qazanır. Bu yolçuluq qəhrəmanların yeni həyat axtarışından qidalanır və nəticədə onlar mənəvi kamilliyə, rahatlığa nail olmuş və ya müəyyən biliyə yiyələnmiş olurlar.

Adı çəkilən müəlliflər dövrlərinin siyasi, sosial və mədəni mühitində özünəməxsus yer tutmuş insanlardır. Buna görə də, onların yaradıcılığını sırf bədii təfəkkürün məhsulu olraq nəzərdən keçirmək səhv olar. Təbii ki, utopiya hər zaman xəyali dünya kimi qəbul edilir. Lakin, utopiyanı təsvir edən yazıçıların slində dolayısı ilə dövrlərinin ictimai, siyasi problmelərini işıqlandırdıqları aydındır. Bu problemlər utopik dövlətlərdə həll onunmuş şəkildə təsvir olunur. Buraya həm siyasi tənqid, həm sosial təbəqələşmə həm də irqi və gender problemləri daxildir. Bu xarakter, proseslərə tənqidi münasibət özünü utopik əsərlərdə satirik yanaşmanın və distopiya elementlərinin meydana çıxmasında da göstərir.

Açar sözlər: utopiya, səyahət, cəmiyyət, dövlət, qəhrəman