NİZAMİ GƏNCƏVİ YARADICILIĞI FRANSIZDİLLİ TƏDQİQATLARDA
İnci HƏŞİMOVA

Böyük Azərbaycan romantik şairi Nizami Gəncəvi humanist fikirləri və sevgiyə dünyəvi münasibəti ilə seçilir. Onun şeirləri ümumbəşəri mövzusu ilə ölkə sərhədlərini aşaraq, uzaq ölkələrin ədəbiyyatına da təsir göstərmişdir.

Belə ki, fransız şərqşünasları Nizaminin yaradıcılığına böyük diqqət yetirirmişlər. Nizami Gəncəvi fransız ədəbiyyatında, xüsusən fransız yazıçıları və çağdaş şairlərinin zərif motivlərindən istifadə etdiyi beş Masnavisdən ibarət “Xəmsə”si ilə məşhurdur.

Nizaminin əsərlərinin fransız ədəbiyyatına təsiri onun əsərlərinin tərcüməsi ilə başlamasına baxmayaraq, həyatı və yaradıcılığı ilə bağlı yazılar XVII əsrə təsadüf edir. Nizaminin əsərlərinin tərcüməsinin təşəbbüskarı fransız şərqşünası B.Derbelo olmuşdur. “Şərq kitabxanası” adlı ensiklopediyasında onun Nizami Gəncəvi ilə bağlı dörd məqaləsi dərc olunmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmişdir. Bu xalqlar arasında fransızlar digər ölkələrə nisbətən Nizami və əsərləri ilə daha əvvəl tanış olmaq şərəfinə nail olmuşlar. Nizaminin əsərlərinin fransız dilinə ilk tərcüməsini Fransua Bernard Şarmua etmişdir. 1829-cu ildə o “İskəndərnamə”nin bir hissəsini tərcümə edərək Sankt-Peterburqda nəşr etdirmişdir.

Çex şərqşünası, filoloq-şərqşünas Yan Rıpka, 1934-cü ildə, Nizaminin "Yeddi gözəl" əsərini ümumiləşdirərək fransız dilinə "Nizaminin yeddi şahzadəsi" kimi tərcümə etmişdi.

Fransız şərqşünası və alimi Henri Masse Nizaminin əsərlərinin tərcümə və nəşrində çox işlər görmüşdür. Məsələn, 1970-ci ildə Nizaminin “Xosrov və Şirin” əsərini fransız dilinə tərcümə edib Parisdə nəşr etdirmişdir.

İzabelle de Gastin Nizaminin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərini tərcümə etmişdir.

Eyni zamanda, əsərlərinin müdrikliyi və ölməzliyi ilə Nizami müəyyən yazıçılar üçün ilham mənbəyi olmuşdur.

Açar sözlər: Nizami Gəncəvi, fransız ədəbiyyatı, tərcümə, “Leyli və Məcnun”, fransız dili, “Yeddi gözəl”, “Xosrov və Şirin”, fransız şərqşünasları, “İsgəndərnamə”