İSLAMAQƏDƏRKİ DÖVRDƏ ƏRƏBLƏRİN İCTİMAİ-SİYASİ VƏZİYYƏTİ
Şıxəli ƏLİYEV

İslamaqədərki ərəb tarixi haqqında məlumatları əsasən yunan, siryani mənbələrindən və İslam dövründə yazıya alınmış poeziya nümunələrindən və rəvayətlərdən alırıq. Cahiliyyət dövründə ərəb cəmiyyəti bir-biri ilə qan qohumluğu əsasında formalaşmış qəbilələrdən ibarət idi və qəbilədaxili və qəbilələrarası əlaqələr, eləcə də kiçik qəbilə dövlətlərindəki münasibətlər“asabiyyə” (qəbilə təəssübkeşliyi) ilə tənzimlənirdi. Bu, qədim türklərdə “törə” məfhumu ilə oxşarlıq təşkil etsə də ondan fərqlənirdi. Əksəriyyəti cənubdan köçüb gəlmiş qəbilələr Ərəbistan yarımadasının şimalında Kində, Ləxmilər və Qəssanilər dövlətlərini yaratmışdılar.Bu dövlətlər müxtəlif vaxtlarda qonşu imperiyalardan vassal asılılığında, ən yaxşı halda isə müttəfiqlik münasibətində olurdular.Bizans və Sasani imperiyaları bu dövlətlərdən hərbi-təhlükəsizlik məsələlərini həll etmək, aralarındakı münasibətləri müəyyənləşdirmək üçün yararlanırdılar. Bizans və Sasanilər bu dövlətlərdə nüfuzlarını qorumaq və genişləndirmək üçün müxtəlif yardımlardan və şirnikləşdirici əməllərdən (yüksək titullar vermək və s) istifadə etməklə yanaşı, din faktoruna da çox əhəmiyyət verirdilər. Hər iki imperiyanın bu siyasəti Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasında da həyata keçirildi. Bu dövrdə ərəblər, İrfan Şahidin qeyd etdiyi kimi, ərəblər böyük güclərin - Bizans, Sasanilər və Himyər dövlətlərinin arasında sıxılıb qalmışdılar. Mədəni sahədə də onlar bu üç gücün təsirində idilər. Buna baxmayaraq, İslamdan təxminən üç əsr qabaqkı bu dövr ədəbi ərəb dilinin, memarlığının, poeziyasının inkişafına şahid olmuşdur. Kində dövlətinin hakim sülaləsinin nümayəndəsi, şahzadə və şair İmrul-Qeys ərəb poeziyasına bir çox yeniliklər gətirmişdir. Kində dövlətinin bəzi nailiyyətləri (memarlıq və idarəetmə sahəsində) İslam dövründə də istifadə edilmişdir.

Açar sözlər: Cahiliyyət, Kində, Qəssanilər, Ləxmilər, İmrul-Qeys, İslam