XAQANİ POEZİYASINDA GÜNƏŞ OBRAZI
Nüşabə ARASLI

XII əsr Azərbaycan poeziyasının Nizamiyə qədərki mərhələsinin ən qüdrətli nümayəndələrindən olan Əfzələddin Xaqani Şirvani (1126-1190) fəlsəfi qəsidənin ilk orijinal nümunələrinin yaradıcısı olmaqla yanaşı, ictimai fikir tariximizdə ilk məsnəvi müəlliflərindən biri kimi də tanınır. Xaqaninin 1957-ci ildə İraq və birinci Məkkə səfərindən sonra yazdığı “Töhfətül-İraqeyn” əsərində şair özünün təəssüratları ilə məhdudlaşmayıb, həyatının bir çox məqamları ailə üzvləri: babası, atası, anası, əmisi, əmisi oğlu, eləcə də görüşüb tanış olduğu müxtəlif şəxslərlə bağlı məlumatları və ictimai-fəlsəfi düşüncələri və əxlaqi görüşlərinə geniş yer verməklə əsərini mövzu və fikri baxımdan zənginləşdirmişdir. Bu baxımdan “Töhfətül-İraqeyn”də geniş yer alan şairin Günəşə xitabları xüsusilə diqqətəlayiqdir.

            “Töhfətül-İraqeyn” özündən əvvəlki Şərq məsnəvilərindən fərqli olaraq yığcam bir girişdən sonra Günəşə xitabla başlayır. Məhəmməd peyğəmbərin mədhi, meraca getməsi fəsilləri də şairin Günəşə xitablarından sonra gəlir. Əsərin birinci məqaləsində şairin Günəşə etdiyi dörd müraciətində Günəşin ilk dəfə olaraq dolğun obrazını yaradan müəllif onun əzəmətini, kainat, həyat və yaşayış, insan əhvali-ruhiyyəsindəki əhəmiyyətli təsirini xüsusi qeyd edir, ikinci xitabında şair Günəşə tənqidi yanaşaraq onun məqbul hesab etmədiyi cəhətlərini, xüsusilə yaxınlarına bəxşiş verib sonra geri almaq vərdişini məzəmmət edir. Bütün Şirvana işıq paylayan Günəşin onu öz nurundan və hərarətindən məhrum etdiyini təəssüflə bildirir. Sonrakı xitablarda dediklərindən peşiman olan Xaqani Günəşdən üzr diləyir.

            Şairin Günəşə müraciətləri demək olar ki, az qala bütün məqalələrində özünü göstərir. Xaqani özünün həyatı ilə bağlı bir çox incə mətləbləri Günəş, Xızr, Hatif və başqa xəyali obrazlar vasitəsilə təqdim etməyə çalışır, dövrün və müasirlərinin haqsızlıqlarına olan etirazını, vəziyyətinin ağırlığından şikayətlərini də Günəşlə dialoqlarında ifadə edir. Bəzən üzləşdiyi çətinlikləri də Günəşlə bölüşür.

            Xaqaninin belə müraciətləri fikri baxımdan olduğu kimi öz bədii tutumu, rəngarəng poetik vasitələrinin zənginliyi ilə əsərin poetik dəyərini də yüksəldərək müəllif məqsədinin daha aydın, daha inandırıcı alınmasına kömək edir.

Açar sözlər: Xaqani, “Töhfətül-İraqeyn”, Günəş, Şirvanşah Axsitan