ŞƏRQ POEZİYASINDA SAQİNAMƏ JANRI VƏ FƏTƏLİ ŞAH QACARIN SAQİNAMƏSİ
Gülnar ƏQİQ

Ədəbiyyatda orta çağdan etibarən klassik poeziyanın müstəqil janrı kimi formalaşmış saqinamələr ilk baxışda əyləncə məclislərinin təsvir vasitəsi kimi  tar də əslində şairlərə zəmanənin qeylü-qalından, hakimlərin ədalətsizliklərindən, dövranın gərdişindən giley-güzarını ifadə etmək imkanı yaradırdı.

Saqinamələr bir bəyan  forması olaraq həm də ən gerçək səhnələri təsvir edən real bədii nümunələrdir. Bu şeir qəlibinin adətən saqiyə müraciətlə şərab istəməklə başlanması istər-istəməz oxucunun gözləri qarşısında hər hansı bir şənlik məclisi və ya meyxanə canlandırır. Hər kəsin məst olduğu bu məclisdə ilham pərisi qanad çalan şair fürsəti qənimət sayır, bir neçə beytlə eyş məclisini təsvir etdikdən sonra öz düşüncələrini dilə gətirir.   

Dahi Nizami Gəncəvidən bəri klassik poeziyada zaman-zaman şairlərin müraciət etdiyi saqinamə  forması əsrlər boyunca söz ustadlarının yaradıcılığında mühüm yer tutmuşdur. Bu janra müraciət edən şairlərdən biri də  dövrünün istedadlı və məhsuldar  şairlərindən  olan Qacarlar sülaləsinin ikinci hökmdarı Fətəli şah Qacar olmuşdur.  Fətəli şahın nəzərdən keçirdiyimiz saqinaməsi ənənəvi formada qələmə alınmış lirik-fəlsəfi məzmunlu bədii parçadır. Əsərdə dini-fəlsəfi motivlər üstünlük təşkil edir. Onun bədii yaradıcılığında İslam peyğəməbəri, şiə imamlarının tərifi həmişə gözə çarpmaqdadır. Bu əsərdə də həmin ənənəyə sadiq qalaraq Həzrət Əli haqqında peyğəmbərin hədisinə işarə edərək onlarla beyt onun fəzilət və şücaətinə həsr etmişdir.

Əsərin müqayisəli təhlili bu nəticəyə gəlməyə əsas verir ki, Fətəli şah Firdovsi, Nizami və Hafiz kimi nəhəng klassik poeziya ustadlarının söz sənətinin incəliklərindən ustalıqla bəhrələnərək  mükəmməl bədii parça yaratmışdır. Əsər ənənəvi  saqinamə üslubunda - məsnəvi formasında və əruz vəzninin mütəqarib bəhrində qələmə alınmışdır. Şair yeri gəldikcə təşbih, istiarə və mübaliğə kimi bədii təsvir vasitələrindən, ahəngdar rədif və qafiyələrdən istifadə etmişdir. 

 

Açar sözlər: saqinamə, Nizami Gəncəvi, Fətəli şah Qacar, ədəbi ənənələr