Mikayıl Abdullayevin yaradıcılıq fəaliyyəti və Füzuli irsi
Fatimə Süleymanova

Bu məqalədə ölkənin ictimai həyatında qabaqcıl yer tutmuş tanınmış incəsənət nümayəndəsi M.Abdullayevin yaradıcılıq fəaliyyətindən, dahi şair Məhəmməd Füzuli irsinə həsr etdiyi təsviri sənət nümunələrindən, onların rəngkarlıq həllindən və üslubundan bəhs olunur. Milli təsvir sənətimizə bədiilik və özünəməxsus üslub bəxş edən boya ustası yaradıcılıq fəaliyyətində həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatına yer vermişdir. Mikayıl Abdullayevin yaratdığı əsərlərə baxaraq deyə bilərik ki, o, təsvirlərində Şərq və Qərb mədəniyyətinin rəngkarlıq sistemlərinin sintezindən yaradılmış üslubu məharətlə ortaya çıxara bilmişdir. Məhz bu səbəbdən rəssamın yaradıcılığını Qərb və ya Şərq üslub çərcivəsinə sığdırmaq imkansızdır. Yaradıcılıq illərində bir sıra yazıçı və şairlərin portretini yaratmış, əsərlərinə illüstrasiyalar çəkmiş əvəzolunmaz fırça ustası həmçinin Füzuli irsinə də xüsusi diqqət ayırmışdır. Fars, ərəb və türk dillərində təkrarolunmaz sənət nümunələri yazan Füzuli Azərbaycan ədəbiyyatı tarixində yeni bir yaradıcılıq məktəbinin bünövrəsini qoymuşdur. Dahi şair Azərbaycan türkcəsində yazdığı şeirlərinə yeni məna və bədii üslub qataraq onu daha da zənginləşdirmişdir. O, bununla nəinki bizim, eyni zamanda bir çox türk xalqlarının ədəbi inkişafına təkan vermişdir. Şairin yaradıcılığının bilicisi M.Abdullayev Füzuli irsinin ölməz əsərlərindən biri olan “Leyli və Məcnun” poemasının ayrı-ayrı hissələrinə 8 rəngli illüstrasiya ilə bədii tərtibat vermişdir. Mikayıl Abdullayevin yaratdığı bu illüstrasiyaları anlamaq, oradakı duyğuları dərk etmək üçün bu aləmi saf nəzərlə izləmək, qəlbən hiss etmək lazımdır. Ümumiyyətlə, rəssamın təsviri sənətinin plastika dili izləyiciyə emosional təsir göstərərək onun yaradıcılıq fəaliyyəti ilə ünsiyyətdə olmağa sövq edir. Onun “Leyli və Məcnun” poemasına həsr etdiyi illüstrasiyaları ilə tanış olduğumuz zaman rəssamın mədəniyyətimizlə sarsılmaz bağlılığının fərqinə varırıq. Rəngkarın Füzuli yaradıcılığına xitabən ərsəyə gətirdiyi bu təsvir nümunələri bizləri sanki zaman məfhumu olmayan bir diyara aparır.

Açar sözlər: Füzuli irsi, Mikayıl Abdullayev, Leyli və Məcnun, rəssamlıq, təsviri sənət