Distopiya dünyasının təhkiyədə qurulması
Mahirə Hacıyeva

Yuxarıda qeyd etdiyimiz kimi, bədii ədəbiyyat və bədii filmlər mədəni məhsuldur, yəni yaradıcı təxəyyüldən bəhrələnir. Ancaq insan təcrübəsindən kənar bir şey yarana bilərmi? Xeyr. Yaradıcı təfəkkür hadisələri və personajları müxtəlif çalarlarda rəngləndirə bilər, lakin onlar həmişə reallıqdan, həyatın özündən qaynaqlanır. Umberto Ekonun qeyd etdiyi kimi: "Həyatın bədii ədəbiyyatdan daha zəngin fantaziya və təxəyyülü var. Berluskoni kimi bir adam uydura bilərdinizmi?" Ətrafımızdakı proseslərdən tam xəbərdar olduqda bir distopiya dünyasına, şəxsi ambisiyaların üstünlük təşkil etdiyi və əsas insan dəyərlərinin yer dəyişdiyi dünyaya, nə qədər yaxın olduğumuzu başa düşürük. Oruelin distopiyası iki əsas özül – yalan və qorxu üzərində qurulur. Rituallar diqqətlə müşahidə aparmağa və kollektiv aldanma yaratmağa xidmət edir. Əsas insan dəyərlərindən, ailə birliyindən və sağlam düşüncədən məhrum olan cəmiyyətin bir ortaq cəhəti var: nifrət. Oruel təkcə distopiya dünyasının necə qurulduğunu deyil, niyə bəşəriyyətin bu boşluqla bitdiyini də izah edir. Bu, yalan və qorxu altında xatirələr yox edildikdə, məntiq susdurulduqda, hiss və duyğular kütləşdikdə yaranan bir boşluqdur. Məqalənin əvvəlində qeyd olunan, distopiyanı gerçəkləşdirən, lakin nəzarət altına alıb qarşısını kəsə biləcəyimiz həmin o səbəb də budur.

Açar sözlər: distopiya, xatirələr, məntiqi düşüncə, hisslər, duyğular