Ərəb ədəbiyyatı ərəb dilçiliyinin əsas mənbələrindən biridir
Heybət Heybətov

Məqalə XIII əsrin görkəmli şəxsiyyətlərindən biri olan Misir filoloqu İbn Mənzurun “Lisan əl-arab” əsəri əsasında qrammatik mühakimələrdə istifadə olunan bir sıra şahid beytlərə diqqəti cəlb edir. Əsasən adlıq halla bağlı olan poeziya nümunələrinə müraciət edilən məqalədə 11 beytin ədəbi-linqvistik təhlili aparılır, onların filoloji tərcüməsi təqdim olunur, “leysə” və “innə” tipli sözlərlə bağlı poeziya nümunələrini nəzərdən keçirən müəllif məsələyə ümumi yanaşmanı təmin etməklə yanaşı, onu İbn Mənzurun təqdimatında da işıqlandıraraq oxucuya təqdim edir. Beytlər orta əsr mənbələri əsasında şərh və izah olunur, bir sra hallarda onların kimə mənsub olması məsələsi faktlar əsasında dəqiqləşdirilir, həmçinin beytlərin yazılma səbəbinə də işarə edilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, klassik ərəb ədəbi dilində leysənin funksiyasını dörd ədat, yəni “ma”, “la”, “latə” və “in” ədatları yerinə yetirə bilir. Məqalədə bu sözlər qrupundan yalnız “la” və “latə” ilə əlaqədar olan şahid beytlərdən söhbət açılır. Klassik dilçiliyin tədqiqini nəzərdə tutan əksər orta əsr mənbələrində adlıq halla bağlı müzakirə edilən mövzulardan biri də “innə” tipli sözlərin xəbəri ilə əlaqədardır. “innə” tipli modal sözlər ismi cümlənin mübtədasını təsirlik, xəbərini isə adlıq halda idarə edir. Bu sözlər “innə, ənnə, kənnə (sanki, kimi), lakinnə, leytə (kaş ki), ləəllə (ola bilsin ki)”dən ibarətdir. Bu qrupa daxil olan bəzi sözlərlə əlaqədar poeziya nümunələrini – şahid beytləri təhlil edən məqalədə beytlərin mövcud və nəzərdə tutulan versiyalarını da aydınlaşdırmağa cəhd göstərilir.

Açar sözlər: şahid, əl-Fərra, irab, Cahiz, leysə