İslam incəsənətinə aid oxşar eksponatlar Viktoriya və Albert Muzeyinin və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında
Tomiris Babanlı

Muzeylər dünya xalqlarının tarixi və mədəni irsinin məbədidir. Hər bir xalq özünün tarixi, ədəbiyyatı, incəsənəti və elmi irsi ilə tanınır. Xalqların həyat tərzi və adət-ənənələri muzeylərdə sanki bir ayna kimi eksponatlar vasitəsilə təqdim olunur. Nəsillər dəyiºir, muzeylər isə bilik mənbəyi kimi yeni-yeni nəsillərin dünyagörüşünün və maariflənməsinin formalaşmasında mühüm rol oynayır. Məqalədə dünyanın möhtəşəm muzeylərindən olan Londonun Viktoriya və Albert Muzeyinin yaranması və inkişafı haqqında məlumat verilir. Dünyanın iyirmi ən çox ziyarət edilən muzeyləri siyahısında yer alan Viktoriya və Albert Muzeyinin 145 qalereyasında 2,3 milyon eksponat dörd bölmədə: 1) Asiya; 2) Mebel, tekstil və dəb; 3) Heykəltəraşlıq, metalişləmə, çini və şüşə; 4) Söz və imic bölmələrində nümayiş olunur. Cənubi Asiya və İslam ölkələrinə məxsus maddi mədəniyyət nümunələri 160.000 eksponatla Şərq qalereyasında təqdim olunur. Qədim Asiya mədəniyyətinə bu qalereyanın ən görkəmli zallarında yer ayrılmışdır. Asiya bölməsində Yaxın və Orta Şərq, eləcə də İslam ölkələrinin qədim dövrlərdən XX yüzilin əvvəlinə kimi yaradılmış sənət nümunələri tamaşaçılara təqdim edilir. Viktoriya və Albert Muzeyinin 19.000-dən artıq İslam mədəniyyətinə aid sənət nümunəsini əhatə edən Cəmil qalereyası 2006-cı ildə yenidən qurularaq ziyarətçilərin ixtiyarına verilmişdir. Bu maddi mədəniyyət nümunələrinin 400-dən çoxu qalereyada daimi sərgilənir ki, bunların içərisində Azərbaycan incəsənəti nümunələri də xüsusi maraq doğurur. Bunlara Şeyx Səfi xalçası, üzəri nəbati naxışlar, buta, quş və heyvan rəsmlərilə süslənmiş, müxtəlif çalarlı şirli məişət əşyaları misal ola bilər. Məqalə müəllifi Viktoriya və Albert Muzeyində qorunan İslam mədəniyyəti nümunələri, o cümlədən Azərbaycan sənətkarlarının yaratdığı sənət incilərindən söhbət açır, onların ölkəmizin muzeylərində qorunan adekvat nümunələri ilə müqayisəsini təqdim edir.

Açar sözlər: ekspozisiya, qalereya, İslam incəsənəti, muzey eksponatları, tilsimli köynəklər, əlyazma, miniatür