YƏĞMA CƏNDƏQİ POEZİYASININ TƏDQİQİ VƏ TƏHLİLİ İSTİQAMƏTLƏRİNDƏ CƏFƏR RƏMZİ İSMAYILZADƏNİN ROLU
Günel SƏFƏROVA

Bu məqalədə XIX əsr fars ədəbiyyatının görkəmli nümayəndəsi Yəğma Cəndəqi poeziyasının Cəfər Rəmzi İsmayılzadə tərəfindən araşdırılması tədqiqata cəlb olunmuşdur.Tədqiqat obyekti olaraq Cəfər Rəmzinin Yəğma Cəndəqi haqqında yazdığı “Yəğma Cəndəqinin həyat və yaradıcılığının öyrənilməsi məsələləri”, “Yəğma Cəndəqi poeziyasının sənətkarlığı”, “Yəğma Cəndəqinin yaradıcılığında sənətkarlıq məsələləri” adlı məqalələri, “Yəğma Cəndəqinin poeziyası” mövzusunda yazdığı namizədlik dissertasiyası, bu dissertasiyanın 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap edilmiş monoqrafiyası götürülmüşdür. Məqalədə Yəğma Cəndəqinin 11 hissə, yaxud bölmədən ibarət olaraq tərtib edilmiş divanının hər bölməsinə daxil olan məktublar, qəzəllər, poemalar, mənzumələr, tərcibəndlər, tərkibbəndlər, qitələr, tövbənamə və rübailər haqqında Cəfər Rəmzinin monoqrafiyasında irəli sürdüyü fikirlər öz əksini tapmışdır.

MəqalədəCəfər Rəmzi monoqrafiyasının “Yəğma Cəndəqi yaradıcılığında sənətkarlıq xüsusiyyətləri” adlanan IV fəsli geniş şəkildə təhlil olunmuşdur. Məqalədə toxunulan mühüm məsələlərdən biri də Cəfər Rəmzinin Yəğma Cəndəqinin Azərbaycan folklorundan, həm də klassik ədəbiyyatından bəhrələnməsi haqqında gəldiyi qənaətdir.Cəfər Rəmzi Yəğma Cəndəqinin qəzəlindən nümunə gətirməklə öz fikrini əsaslandırır, Yəğma Cəndəqi yaradıcılığından Azərbaycan şairlərinin bəhrələndiyini də vurğulayır, S.Ə.Şirvani ilə Yəğma Cəndəqininşeirlərini müqayisə edir.

Məqalədən eyni zamanda aydın olur ki, Cəfər Rəmzi Yəğma Cəndəqi yaradıcılığını sistemli şəkildə tədqiq etmiş, faktlara əsaslanmaqla gəldiyi nəticələri əsaslandıra bilmişdir. Cəfər Rəmzinin Yəğma Cəndəqi haqqında tədqiqat işləri bu gün də elmi-filoloji dəyərini saxlayır və İran-Azərbaycan əlaqələrinin öyrənilməsində, inkişafında, gələcək nəsillərin biliklərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Açar sözlər: şair, poeziya, klassik, arxiv, ədəbiyyat, məqalə, satira, tədqiqatçı