Qarabağ bölgəsi Azərbaycan mədəniyyətinin formalaşması və zənginləşməsində mühüm rol oynamış, ədəbiyyat, folklor, memarlıq, musiqi, xalçaçılıq baxımından fərqli sənət nümunələri ilə daim diqqəti cəlb etmişdir. Ermənistanın işğalçı siyasəti nəticəsində 30 ilə yaxın müddətdə Qarabağ ərazisində çox sayda tarixi abidə, muzey, məscid, məqbərə, məişət və mədəniyyət nümunələri dağıdılmış, talan olunmuş və ya mənimsənilmişdir. Bəşəriyyətin ortaq dəyəri hesab olunan bu zəngin mədəni irs həm yerli qanunvericiliyin, həm də beynəlxalq hüququn tələblərinə uyğun şəkildə bərpa olunmalı, qorunub saxlanılmalıdır. Məqalədə sözügedən hüquqi çərçivələr nəzərdən keçirilir, Qarabağ mədəni irsinin qorunması istiqamətində atılan addımlar məhz bu kontekstdə araşdırılır.
Məqalədə, həmçinin Qarabağ bölgəsinə xas mədəniyyət nümunələrinin Nizami Muzeyinin elmi-mədəni fəaliyyəti çərçivəsində mühafizəsi və təbliği məsələlərindən söz açılır. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Qarabağın mədəni irsini nümayiş etdirir, hüquqi müdafiəsini təmin edir və ictimaiyyətə təqdim edir. Ədəbiyyat Muzeyi eyni zamanda Qarabağ mədəni mühitini təmsil edən zəngin mirasın beynəlxalq səviyyədə tanıdılması və təbliği istiqamətində də mühüm rol oynayır. Muzeydə sərgilənən eksponatlar, Qarabağ mədəniyyətinə aid zəngin dəyərləri təcəssüm etdirir. Belə ki, Nizami Muzeyi bu məqsədlə yalnız qiymətli sənət nümunələrini təqdim etmir, eyni zamanda xalqın mədəni hüquqlarını müdafiə edir və bu dəyərləri gələcək nəsillərə çatdırır. Bu baxımdan, muzeyin fəaliyyəti həm də tarixi ədalətin bərpasına yönəlmiş mühüm sosial və ideoloji bir missiyadır.
doi.org/10.30546/2702-0034.2025.2.29.058