Nəsimi poeziyasında ayrı-ayrı kəlmələr sadəcə söz olmaq çərçivəsindən çıxaraq obrazlaşır, rəmzləşir, sanki müəyyən mənada proqramlaşdırılır. Fikir və duyğu həqiqətləri ədəbi əsərdə tam dəqiq, elə həyatda olduğu kimi, güzgüdə əks olunan sayaq verilsəydi, şeir şeirliyindən aralanar, onun sehri, insanı heyrətləndirmək, valeh etmək keyfiyyəti də qeyb olardı. Ona görə də orta çağ müsəlman Şərqinin şairləri, o sıradan, Nəsimi də adətən gözəlləri niqab, hicab ardında təsvir etdikləri kimi, düşüncə və duyğularını da daha çox bədiiləşdirərək, obrazlaşdıraraq çatdırmağa üstünlük vermişlər.
Seyid İmadəddin Nəsiminin “Divan”larını vərəqlədikcə onun yaradıcılığında iri bir dəstə sözü seçdirmək lazım gəlir ki, onlar, bir tərəfdən, başqa kəlmələrə nisbətən daha sürəkli və çox işlənir, digər tərəfdən də, həmin sözlər şairin bütöv şeirində, beytində, ya misrasında əsas yükdaşıyıcı sütunlar vəzifəsini yerinə yetirir. Nəsimi şeirində lay-lay mənalar gizlidir və hər sözün nüvəsində bir başqa söz, onun da daxilində bir ayrı mətləb yerləşdirilib. Yəni bu sözü birbaşa anlamında da dərk edəriksə, misra, beyt, qitə özəl məna daşıyır, həmin kəlməyə hürufi, sufi, ya hansısa bir digər ictimai-siyasi gerçəyin müstəvisindən əl uzadarıqsa, rəng dəyişir, sözün də, onun daxil olduğu mətn parçasının da başqa daha dərin mənası və yozumu aşkarlanır.
Nəsimi qələmində davamlı olaraq zühur edən və xeyli dərəcədə şairin fəlsəfi aləmi, hissiyyat dünyasına açar sayıla biləcək belə sözlərdən biri “pərdə”dir. Daha çox teatr anlayışı olsa da, poeziyaya münasibətdə məcazi mənada qavranılsa da, “pərdə” əslində incəsənətin hər sahəsində var. Sənəti sənət edən, ona sehr, cazibə, sirlilik bəxş edən də ilk növbədə ondakı şərtilik, gerçəkliyi bədii don geydirərək, pərdə arxasından görünən kimi göstərməsidir. Şeirdə pərdə nə qədər nazik, şəffafa yaxındırsa, bu, bir tərəfdən, şairin məharətini nümayiş etdirir, digər tərəfdən, sözün bədii təsir gücünü çoxaldır.
Nəsimi kimi sözlə möcüzələr yaratmağı bacaran şairlər isə bu vasitə ilə həm də şeir içində şeiri gizlətməyə, müxtəlif cür qavranıla bilən misraları ilə həmin sözləri fərqli qavrayacaq müxtəlif oxucu kütləsinə müraciət etməyə müvəffəq olmuşlar. Nəsimi o qənaətdə idi ki, sən hələ əriyib sevgilinlə qarışmamısansa, o olmamısansa, bir bədəndə iki can kimi deyil, ayrılıqda mövcudsunuzsa, demək, bu eşq həqiqi eşq deyil, demək, aralıqda səninlə onun vəhdətinə əngəl törədən, sonacan qovuşmağa, bir-birində itməyə maneçilik törədən çəpər, pərdə var.
KLASSİK İNCƏSƏNƏTDƏ VƏ POEZİYADA PƏRDƏ ANLAYIŞI VƏ NƏSİMİNİN PƏRDƏLƏRİ
Açar sözlər: leksik vahid, obraz, simvol, niqab, hürufilik, təsəvvüf, pərdə, metafora
CARİ BURAXILIŞ