BƏDİİ ƏDƏBİYYAT VƏ PUBLİSİSTİK JANR: XXI ƏSR PUBLİSİSTİKASININ QLOBAL PROBLEMLƏRİ
Dinarə MUXTAROVA

Məlum olduğu kimi, bədii ədəbiyyatla publisistik janr arasında dəqiq fərqliliklər müəyyən olunmuşdur. Belə ki, bədii ədəbiyyat publisistik janrdan özünəməxsus oxucu auditoriyası, struktur, zaman yanaşması, üslubu ilə fərqlənir. Maraq doğuran məqam odur ki, bədii ədəbiyyat publisistika janrında geniş müzakirə, bəzən hətta tənqid oluna bildiyi halda publisistik janrın bədii ədəbiyyatda müzakirə olunması elə də bir aktual mövzuya çevrilmir. Təəssüflə də olsa digər nəzərəçarpan məsələni də vurğulamalıyıq ki, son bir neçə dekadalarda publisistikada işlənilən dil qlobal xarakterli neqativ dəyişikliklərə uğramışdır və ən məyusedici hal odur ki, bu kimi dəyişikliklər hələ də davam edir. Belə ki, ixtisarların, digər dillərdə aktual olan ifadələrin geniş istifadə olunması, qrammatik, leksik, orfoqrafik səhvlərin çoxluğu heç də qənaətbəxş sayılan hal deyil, çünki məlum məsələdir ki, publisistika nümunəvi dil təqdim etməli və heç bir səhvə yol verməməlidir.
Həqiqətə uyğun olmayan xəbərlərin yayılması dövlət səviyyəsinə çatacaq dərəcədə qlobal bir problemə çevrilmişdir. Buna səbəb yalan xəbərlərin xalqlararası müxtəlif anlaşılmazlıq və konflikt səbəbi ola bilməsidir. Eyni zamanda, müxtəlif şayiələr də əhali arasında narahatlığın, həyəcanın və hətta ajiotajın səbəbinə çevrilə bilir, çünki burada mövzu həm siyasi, həm təbii fəlakətlər, həm sağlamlıq, həm nəqliyyat, həm təhsil və s. ətrafında ola bilər. Qeyd olunmuş, müşahidə edilən proseslər insanlarda etibarsızlıq yaratsa da, eyni zamanda əhalini daha diqqətli, analizetmə qabiliyyətini artıraraq daha ayıq olmağa vadar edir.

Açar sözlər: publisistika, dildə müşahidə olunan dəyişikliklər, saxta məlumat, təsir, cəmiyyət, dərketmə