NİZAMİ GƏNCƏVİ ADINA MİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATI MUZEYİNİN YARANMA TARİXİ VƏ İNKİŞAF YOLU
Nigar İBRAHİMLİ

Məqalədə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin yaranma tarixi və bu günə qədər keçdiyi tarixi inkişaf mərhələləri araşdırılmışdır. Müəllif Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin arxiv kitablarından istifadə edərək muzeyin yarandığı ilk dövrləri təsvir etmiş, mövcud ədəbi və siyasi mühit haqqında məlumatları ümumiləşdirərək muzeyin yaradılmasını zəruri edən tarixi şəraiti diqqətə çatdırmışdır. Məqalədə muzeyin tarixi ilə yanaşı, həm də muzeyin dizaynı, daxili interyeri də işıqlandırılmışdır. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyət göstərən rəssamların muzeydəki fəaliyyəti məqalənin əsas hissəsində öz əksini tapmışdır.

            Bir sıra ədəbiyyat və incəsənət xadimlərinin direktorluğu ilə idarə olunan Nizami muzeyinin ekspozisiya tərtibatı da müəllifin araşdırdığı məqamlardandır. Gənc tədqiqatçı muzeyin rəhbərləri haqqında məlumatları xronoloji ardıcıllıqla tərtib etmişdir ki, bu da məqalənin strukturuna əhəmiyyətli dərəcədə öz təsirini göstərmişdir.

            Məqalə strukturuna görə giriş, iki əsas bölmə, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Muzeyin müasir dövrü ikinci bölmədə geniş işıqlandırılmış, akademik Rafael Hüseynovun fəaliyyəti dövrü xüsusi vurğulanmışdır. Oxucu məqalədə muzeyin keçmiş və müasir fəaliyyəti ilə yaxından tanış olacaq, eyni zamanda ekspozisiya tərtibatının 1945-2020-ci illər arasında dəyişib inkişaf etməsi barədə məlumat əldə edə biləcək.

            Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi təkcə Azərbaycanda yox, dünya ölkələri arasında ən gözəl və nəfis tərtibata, zəngin eksponat fonduna malik muzey kimi tanınır. Bu istiqamətdə muzey direktorlarının atdığı addımlar da məqalənin əsas bölmələrində qeyd olunmuşdur.

Açar sözlər: Nizami muzeyi, muzeyşünaslıq, ekspozisiya, ədəbiyyat, incəsənət