MİRZƏ FƏTƏLİ AXUNDZADƏ VƏ QACAR ŞAHZADƏLƏRİ
Gülnar ƏQİQ

Görkəmli Azərbaycan dramaturqu, maarfçi-filosof və ictimai-siyasi xadim Mirzə Fətəli Axundzadə (1812-1878) realist sənətkar, dramatur­giya­mı­zın banisi, şair və nasir kimi özündən sonra yadigar qoyduğu zəngin ədəbi və elmi-publisist irsi ilə ədəbiyyatımızın inkişafına müstəsna xidmət göstərmişdir.

Axundzadənin qırx illik ictimai-siyasi fəaliyyəti Şərq xalqlarının sivilizasiyaya doğru istiqamətləndirilməsinə yönəlmişdi. O, bütün Qafqazda realist dramaturgiyanın banisi, eyni zamanda İslam dünyasının ilk liberal-demokrat filosofu idi.

Axundzadə ömrünün otuz ilindən çoxunu ərəb əlifbasının islahatına və Şərqin müsəlman xalqlarının maariflənməsinə həsr etmiş, həyatının böyük bir hissəsini cəhalətə qarşı mübarizə aparmışdır.  O, elmi bəşəriyyətin tərəqqisində ən mühüm nailiyyət hesab edir, elmin cəhalətin kökünü yandıracağını düşünürdü.

Axundzadənin əsərlərində təbliğ etdiyi realist-demokratik ideyalar dövrünün iranlı ziyalılarına da təsir etmiş, onların maarifçilik görüşlərinin formalaşmasında böyük rol oynamışdır. Axundzadə müasiri olan Qacar şahzadələri ilə məktublaşaraq onları öz yeni əlifba layihəsi ilə tanış edir və öz xalqlarının maariflənməsi yolunda bu layihənin həyata keçirilməsinə dəstək göstərməyə səsləyirdi. Onun Qacar şahzadələri - Cəlaləddin Mirzə, Hacı Fərhad Mirzə və Əliqulu Mirzə Etizadüssəltənə ilə məktublaşmaları maarifçi-filosofun Şərqin müsəlman xalqlarının dünya sivilizasiya dairəsinə daxil olması yolunda yorulmaz əməyinin təzahürü kimi əhəmiyyətə malikdir.

Məqalədə M.F. Axundzadənin əsərlərində ümumiləşdirdiyi ictimai-fəlsəfi fikirlərinin onun Qacar şahzadələrinə və digər çağdaş dövlət məmurlarına ünvanladığı məktubları vasitəsilə İranda, xüsusilə Cənubi Azərbaycanda maarifçilik ənənələrinin formalaşmasından bəhs edilir.

Açar sözlər: Mirzə Fətəli Axundzadə, Qacarlar, İran ziyalıları, maarifçilik, yenilikçilik