Şeirlərində yüksək emosionallıq, fərdi yaradıcılıq xüsusiyyətləri olan Xurşidbanu Natəvan XIX əsrdə yaşayıb yaratmış klassik şeir ənənəsini davam etdirən şairlərdəndir. Xurşidbanu Natəvanın əlimizdə olan bədii irsi XIX əsrin 50-ci illərindən sonrakı dövrdə, xüsusən, “Məclisi-üns”ün təşkil edildiyi 1872-ci ildən etibarən qələmə aldığı şeirlərindən ibarətdir. Əsərləri həm məhəbbət məzmunlu, həm təbiət təsvirləri ilə zəngin olan şairin avtobioqrafik səciyyəli qəzəlləri də vardır. Yaradıcılığına ümumən Füzulisayağı bədbinlik hakim olan Natəvanın bu şeirlərində hüzn motivləri daha zəngindir və realdır. Gənc yaşdakı övladının vəfatı qəmgin Natəvan yaradıcılığının ruhunu daha çox kədərə bürümüşdür. Oğlunun ölümünə həsr edilən şeirləri arasında “Getmə”, “Sənsiz”, “Getdi”, “Əfsus” rədifli qəzəlləri məşhurdur. Bu qəzəlləri ilə Azərbaycan poeziyasına dərdli ana obrazını gətirən Xurşudbanu Natəvan fərdi kədər dairəsindən çıxaraq övladını itirən analara məxsus hüznün ümumiləşmiş qəhrəmanına çevrilmişdir. Bu qəzəllərə Natəvanın müasiri olan şairlər çoxsaylı nəzirələr və cavablar yazmışlar. Kiçik oğlu Mir Abbasın vəfatı münasibətilə yazdığı şeirləri ilə yanaşı, böyük oğlu Mehdiqulu xan Vəfanın da hərbi qulluğuna görə Tiflisdə yaşaması səbəbindən sevimli oğlundan uzaq düşən şair bu münasibətlə də kədərli şeirlər yazmışdır. Məqalədə Natəvanın avtobioqrafik səciyyəli qəzəllərində yuxarıda göstərilən iki səbəbdən ifadə olunan hüzn motivi təhlil edilmişdir. Eyni zamanda Natəvanın göstərilən qəzəllərinə yazılmış nəzirə və təsəlliverici cavablardan nümunələr gətirilmişdir.
AZƏRBAYCAN YAZILI ƏDƏBİYYATINDA DƏRDLİ ANA OBRAZINI YARADAN XURŞİDBANU NATƏVAN
Açar sözlər: Xurşidbanu Natəvan, klassik şeir, qəzəl, hüzn ədəbiyyatı, övlad itkisi
CARİ BURAXILIŞ