QƏRBİ AZƏRBAYCANIN QAÇQINLIQ FACİƏSİ DASTAN ƏDƏBİYYATI VƏ TARİXİ ROMANÇILIQDA
Nəzmiyyə YİGİTOĞLU

Təqdim olunan araşdırma qədim Azərbaycan torpaqlarından olan Göyçə mahalında 1918-1920-ci illərdə baş vermiş erməni-azərbaycanlı qarşıdurmasının bədii ədəbiyyatda inikası probleminə həsr olunmuşdur. Bu mənada, Azərbaycan şifahi xalq ədəbiyyatının böyük ustadlarından sayılan göyçəli aşıq Ələsgərin (1821-1926) poeziyası və sənətkarın ömür səhifələrinin daha çox ixtiyar, yurd həsrətli qaçqınlıq illərini təqdim edən  avtobioqrafik “Dəyirmançı aşıq” dastanı tədqiqat obyekti seçilmişdir.

Aşıq Ələsgərin ömrünün ahıl çağları çətin zamana təsadüf etmişdi. Erməni generalı Andranikin quldur dəstələrinin Göyçay mahalında törətdiyi qətliamdan sonra buradakı əhalinin sayı xeyli azalmış, Aşıq Ələsgərin ailəsi də bu vuruşmalardan xilas olub Kəlbəcərin Qanlıkənd ərazisində yerləşə bilmişdi. Ermənilər tərəfindən yandırılıb məhv edilmiş doğma yurdu Ağkilsəyə isə aşıq yalnız sovet hakimiyyəti qurulduqdan sonra qayıda bilmişdi.

Məqalədə, erməni-daşnak dəstələrinin hücumlarına qarşı vuruşmuş Göyçə xalqının məcburi qaçqınlıq illəri, aşıq Ələsgərin zəmanədən şikayət motivli şeirləri tarixi faktlar zəminində təhlil olunmuşdur.

Məqalədə, həmçinin, bəhs edilən illərdə erməni-daşnak qüvvələrinin İrəvan quberniyasının Vedibasar, Gəncə quberniyasının Zəngəzur qəzalarında törətdiyi soyqırım faciəsini təsvir edən “Zəngəzur” və “Qara güzgü” tarixi romanları da müqayisəli təhlilə cəlb olunmuşdur. 

Açar sözlər: “Dəyirmançı aşıq” dastanı, “Zəngəzur”, “Qara güzgü” tarixi romanları