HACI ZEYNALABDİN ŞİRVANİNİN BİTMƏYƏN SƏYAHƏTLƏRİ
Rafael Hüseynov

Onun adı yalnız Azərbaycanın deyil, dünya elmi, ədəbiyyatı və mədəniyyətinin nadir simaları sırasında yaşamağa layiqdir. Hacı Zeynalabdin Şirvani universal biliklər sahibi olan nadir bir şəxsiyyət kimi ilk növbədə Azərbaycan coğrafiyaşünaslıq elminin banisidir. Ömrünün 40 ilədək müddətində 60 min kilometrdən artıq yol qət edərək Asiya və Afrikanın bir çox ölkələrini gəzib-dolaşmış Zeynalbdin Şirvani  səyahətlərini qiymətli kitablarda əks etdirmişdir. Lakin onun qələmə aldığı kitablar digər Qərb və Şərq səyyahlarının yazdığı səyahətnamələrdən əsaslı şəkildə fərqlənir. Onun “Riyaz üs-siyahə” , “Hədayiq üs-siyahə”, “Bustan üs-siyahə”, “Kəşf ül-məarif” əsərlərinin hər biri çoxsahəli biliklər sahibi müəllifin özü kimi unoversal səciyyə daşımaqdadır. Bu əsərlərdə coğrafiyaşünaslıq, tarix, etnoqrafiya, cəmiyyətşünaslıq və kulturologiya kimi elm sahələri qovuşur və həmin səbəbdən də Zeynalbdin Şirvaninin əsərləri bütün digər məziyyətlərindən savayı sadalanan istiqamətlərdən hər biri üçün mötəbər məxəz vəzifəsini daşıyır. Onun ayrı-ayrı ölkələr və xalqlarla bağlı qeydləri sadəcə təsvirdən ibarət deyildir. Bunlar dərin, müəfəssəl müşahidələr əsasında aparılan təhlillərdən yaranmış sanballı elmi araşdırmalardır. Elə həmin səbəbdən də Zeynalbdin Şirvaninin əsərləri artıq XVIII yüzilin sonları, XIX əsrin əvvəllərindən etibarən hind, rus, polyak, ingilis, fransız, əfqan, türk, çinli, iranlı alimlərin mütəmadi istinad etdiyi mötəbər mənbələrə çevrilmişlər. “Təmkin “ təxəllüsü ilə yazdığı şeirlərlə farsdilli klassik ədəbiyyatın tarixində də özünəməxsus yer tutan bu böyük alim və səyyahın poeziyası da elmi əsərləri kimi çoxrənglidir. Onun şeirlərində də ənənəvi lirika ilə yanaşı elmi, fəlsəfəi xətt qabarıq görünməkdədir. Zeynalabdin Şirvaninin haqqında indiyədək müxtəlif araşdırmalar aparılsa, bir sıra əsərlərinin elmi-tənqidi mətnlərinin nəşri və tərcüməsi sahəsində işlər görülsə də, bu fəaliyyətlər qənaətbəxş sayıla bilməz. Çünki indiyədək onun zəngin irsi heç də tam halda nə nəşr, nə də tədiq edilib. Həllini gözləyən bu məslələr yalnız böyük coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Zeynalabdin Şirvaninin özünü və irsini daha yaxından və genişliyi ilə tanımaq üçün əhəmiyyət kəsb etmir, həm də onun səyahətlərinin keçdiyi nəhəng ərazidəki ölkələrin və xalqların haqqında bir çox gərəkli biliklərin elmi dövriyyəyə daxil edilməsi üçün də fövqəladə dəyər daşıyır.

Açar sözlər: Zeynalabdin Şirvani, “Riyaz üs-səyahə”, “Hədaiq üs-səyahə”, “Bustan üs-səyahə”, “Kəşf ül-məarif”, “Divan”, Təmkin, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair, yaradıcılıq, elmi dövriyyə