HÜSEYN CAVİD YARADICILIĞINDA OSMANLI ELEMENTLƏRİ VƏ QƏLİZ ƏRƏB-FARS TƏRKİBLƏRİNDƏN DAHA TƏMİZ AZƏRBAYCANCAYA KEÇİD
Türkan Məcidova

H.Cavid özünəməxsus üslubu ilə seçilən bir sənətkardır. O da digər dahi şairlərimiz kimi, öz yaradıcılığı ilə həmişə qəlbləri fəth etməyi bacarmışdır. Şair yalnız gözəlliklərin tərənnümçüsü deyil, həm də ictimai məslələrə diqqətlə yanaşmış bir şəxsiyyət idi. Xalqın dərd-səri, çətinlikləri daim onu narahat etmiş, öz ədəbi nümunələrində və elmi fəaliyyətində bunları işıqlandırmağa səy göstərmişdir.

 H.Cavid yaradıcılığı, birinci, öz mövzu müxtəlifliyi ilə seçilir. Şair-drammaturq sırf siyasi maneələrə rast gəlməmək üçün, əslində öz ölkəsində baş vermiş hadisələri başqa coğrafi mövqeyə daşımış, bununla diqqəti öz üzərindən atmağa çalışmışdır. Nəticə etibarı ilə, bir-birindən  qiymətli sənət nümunələri yaratmış, əsasən də, səhnə əsərləri ilə drammaturgiyamıza əvəzsiz töhvələr bəxş etmişdir.

Mövu ilə yanaşı, H.Cavid qələmində orijinal dil üslubu özünü göstərir. Bu şairin Türkiyədə aldığı təhsilin, daha sonralar isə şəxsi mütaliə sayəsində inkişaf etdirdiyi idealogiyasının nəticəsi idi. Qeyd edək ki, şairin yaradıcılığa başladığı ilk illər dil və üslub baxımından ölkədə ziddiyyətli vəziyyət mövcud idi. Belə bir şəraitdə H.Cavidin özünəməxsus üslub yaratması və öz üslubuna daim sadiq qalması onun yüksək sənətkarlığından irəli gəlirdi. Yaradıcılığının daha kamil vaxtlarında, o da qəliz ərəb-fars tərkibləri və lazımsız Osmanlı elementlərindən müəyyən qədər uzaqlaşmağa nail olur. Daim öz üzərində işləyən və yenilik axtaran şair yaşasa idi, bəlkə də bu prosesin nəticəsi daha fərqli olardı. Şair, kim bilir, təmiz azərbaycancada daha neçə-neçə sənət nümunələri yarada bilərdi.

Ümumiyyətlə, həm ilkin yaradıcılıq illərində, həm də sonrakı dövrlərdə yazdığı nümunələrdə H.Cavid ruhu, nəfəsi daim eyni qalmış, üslubunda fərqlilik etməyə çalışsa da, əvvəldə qeyd etdiyimiz sənət amalından əsla geri çəkilməmişdir. Onu bu gün də olduğu kimi qəbul edib sevməyimizə səbəb sənəkarın bu yüksək amalı olmuşdur.

Açar sözlər: dil məsələsi, üslub xüsusiyyətləri, qəliz ifadələr, vəzn müxtəlifliyi