NAZİM HİKMƏT TEATR LABİRİNTİNDƏ
Afət Qədirova

Təqdim olunan  məqalədə dünyaşöhrətli türk şairi Nazim Hikmətin həyat və yaradıcılıq yoluna nəzər yetirilir, onun yaşadığı mürəkkəb ömür mərhələləri öyrənilir. Burada ədibin XX əsrin  ayrı-ayrı illərindəki yaradıcılıq fəaliyyəti, o cümlədən dramaturgiya sahəsindəki ilk addımları xronoloji ardıcıllıqla izlənilir.

Məqalədə Nazim Hikmətin teatr sənətinə həvəsini şərtləndirən səbəblər qeyd edilməklə onun dramaturji yaradıcılıq sahəsində qələmini sınamaq cəhdləri göstərilir. Bu zaman elmi-nəzəri müstəvidə dəyərləndirilən poetik istedadın səhnə sənətinin oyun estetikasına transformasiya prosesi tədqiqat faktı kimi diqqət çəkir. O da diqqət çəkir ki, Nazim Hikmətin dramaturq istedadının ibtidai başlanğıcı, sonralar isə böyük dramaturgiyaya yönəlməsi bütövlükdə onun teatral dünyagörüşünün təzahürü olaraq kamilləşmişdir.

XX əsrin ilk onilliklərindən başlayaraq öz “əzablı yollarında” addımlayan rus teatr sənətinin forma və məzmun axtarışlarının canlı şahidi olan Nazim Hikmət sadəcə görüb-götürmək yox, sözün tam mənasında, “teatr mətbəxi”nə daxil olmaq, “teatr evi”nin müsafiri yox, sakini olmaq təmənnası ilə fəaliyyət göstərir. Məhz bu niyyətlə onun həmin dövrün,  sonralar əfsanəvi teatr simaları sayılacaq səhnə xadimləri olan K.S.Stanislavski, V.Meyerhold, Y.Vaxtanqov, A.Tairov kimi sənətkarlarla şəxsi münasibətləri sayəsində fəal şəkildə göstərdiyi səylər bəhs edilən məqalədə konkret faktlarla qeyd edilir.

Maraqlıdır ki, rus teatrı sənətçiləri ilə təmaslarında səhnə sənətinin estetik təbiətini öyrənən N.Hikmət bu zaman məhdud şəkildə rus teatr ənənələrini deyil, bir küll halında, bu sənətin obyektiv qanunlarını öyrənir. Belə ki, K.S.Stanislavskinin məşhur “Sistem”i ilə bağlı ilkin etirazını  bildirsə də, sonralar onun realist aktyor ustalığına verdiyi faydanı etiraf edir, V.Meyerholdun “Biomexanika” adlandırdığı sənət təlimini onunla şəxsi təmaslarında dərk etməyin zəruriliyinə inam bəsləyir.

Sözügedən  məqalədə toxunulan məsələlərin elmi yeniliyinə gəlincə, qeyd etmək lazımdır ki, burada ilk dəfə Nazim Hikmətin rejissor Nikolay Ekklə bərabər “Metla” teatrındakı fəaliyyəti, həmin teatrın estetikasına müvafiq pyeslər yazması, bir ədib kimi onun dialektik olaraq sadədən mürəkkəbə doğru istiqamət götürən dramaturgiya və teatr sahəsindəki fəaliyyəti ilk dəfə olaraq kompleks şəkildə nəzərdən keçirilir.

Açar sözlər: dramaturgiya, teatr, sənət, yaradıcılıq, rejissor