KLASSİK QƏHRƏMANLIQ DASTANLARINDA HÜZN SÜJETİ
Kəmalə Nuriyeva

 

Həm şərq, həm də qərb şifahi xalq ədəbiyyatında qəhrəmanlıq dastanları aparıcı janrlardan biridir. Qəhrəmanlıq dastanlarının əsas süjet xətti adətən bir qəhrəmanın daxili və xarici düşmənlərə qarşı mübarizəsi ətrafında qurulur. Bu dastanlarda mifik obrazlara, qeyri-adi gücə malik düşmənə qarşı mübarizəyə rast gəlmək adi haldır. Təbii olaraq mübarizə, qarşıdurma, döyüş olan yerdə ölüm qaçılmazdır. Bu cür əsərlərdə ölüm hadisəsinə xüsusi əhəmiyyət verilir, qəhrəmanın həyatı və mübarizəsi deyil, ölümü daha ətraflı təsvir olunur. Bu səbəbdən hüzn süjeti dastanlarda geniş yer alır. Məqalədə “Alp Ər Tunqa”, “Beovulf”, “Koroğlu”, “Nibelunqlar haqqında nəğmə”, “Roland haqqında nəğmə” dastanları tədqiqat obyekti kimi seçilmişdir.

Məqalə giriş, iki bölmə və nəticədən ibarətdir. “Alp Ər Tunqa və Beovulf dastanlarında ortaq hüzn süjeti” adlanan birinci bölmədə qədim türk qəhrəmanlıq dastanlarından biri olan “Alp Ər Tunqa”nın günümüzə gəlib çatan fraqmentləri təhlil edilir, qədim anqlosakson eposu olan “Beovulf”la müqayisəsi aparılır.

İkinci bölmədə XII əsr Avropa qəhrəmanlıq dastanlarından olan “Nibelunqlar haqqında nəğmə” və “Roland haqqında nəğmə” eposları XVI əsrə aid “Koroğlu” dastanı ilə müqayisə edilir, hüzn süjetinin oxşar və fərqli cəhətləri müəyyənləşdirilir. Bu dastanlar fərqli dövrlərin məhsulu olmasına baxmayaraq “Koroğlu” dastanının klassik türk-Azərbaycan dastan ənənəsini qoruyub saxlaması belə müqayisəni aparmağa imkan verir. Hər üç əsərdə hüzn süjeti əsasən qəhrəmanların qarşılaşdığı xəyanətdən doğan kədər və təbii ki, baş qəhrəmanların ölümü ətrafında ifadəsini tapır. “Koroğlu” dastanında bunlarla yanaşı övlad arzusu və övlad itkisi kimi məişət mövzusu ilə təzahür edən hüzn ifadəsi də vardır.

Tədqiq olunan dastanlarda baş qəhrəmanın və əsərin bəzi digər qəhrəmanlarının ölümü, xəyanətə düçar olanların kədəri, bəzi hallarda qisas arzusu və əməlləri ortaq hüzn süjeti olaraq çıxış edir. Bu, istər Azərbaycan, istərsə də Avropa qəhrəmanlıq dastanları üçün xarakterikdir.

Açar sözlər: hüznün süjeti, kədər hissinin poetik ifadəsi, “Alp Ər Tunqa”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Beovulf”, “Nibelunqlar haqqında nəğmə”, “Roland haqqında nəğmə”