EMİLİ BRONTENİN “UĞULDAYAN AŞIRIM” ROMANINDA GENDER MƏSƏLƏLƏRİ
Vüsalə AĞABƏYLİ

Məqalədə Viktoriya dövrü yazıçılarının əsərlərində, xüsusilə də, həmin dövr öz dəsti-xətti ilə seçilən Bronte bacılarının yaradıcılığında və “Uğuldayan aşırım” əsərində gender münasibətləri təhlil olunur. Məqalənin əsas məqsədi Emili Bronte yaradıcılığında qadın-kişi münasibətlərini, gender problemlərini araşdırmaq, qadının cəmiyyətdə, ailədə rolunu analiz etməkdir.

 XIX əsr İngilis ədəbiyyatı, xüsusilə də, Viktoriya ədəbiyyatı daim elmi araşdırmalara və marağa səbəb olan dövr hesab olunur. Viktoriya dövrü ədəbiyyatı yazıçıları sələflərinin ənənələri üzərində yeni əsərləri daha da təkmilləşdirib yeni mözvular, motivlər yaratmaqla realist estetikanı formalaşdırıb XX əsr ədəbiyyatının da təməlini qoymuşdular. Bu dövr ədəbiyyatının görkəmli nümayəndələrindən hesab olunan Tomas Hardi, Elizabet Qaskel, Şarlotte və Emili Bronte bacıları, Çarlz Dikenz və başqalarının bədii yaradıcılığında dövrün ideoloji münasibətlərini, ictimai quruluşunu, ənənəvi ailə normalarını və həyat tərzini dəyişdirmə ehtiyaclarına inam, yeni sosial-mədəni münasibətləri formalaşdırmağa ümid öz əksini tapırdı.

Emili Bronte Viktoriya dövrü ədəbi kanonu üçün qeyri-spesifik bir romantika hesab olunan “Wuthering Heights” əsərində öz müasirlərindən seçilərək, onların bədii təsvir vasitələrindən daha fərqli şəkildə kişi və qadın arasındakı münasibət və sevgi konsepsiyasının bədii təsvirini təqdim edir. Emili, əslində, feminizmin yeni-yeni əlamətləri sezilə bilən yeni qadın obrazı yaratmağa çalışır. Onun yaratdığı Ketrin obrazı həm Viktoriya dövrü qadınlarına oxşayır, həm də oxşamır. Məqalədə Ketrin obrazı timsalında viktoriya dövrü qadınlarını araşdırmaqla yanaşı, həmçinin qeyd etdiyimiz əsas qəhrəmanın – Ketrinin həmin dövr qadınlarından hansı xüsusiyyətlərinə görə fərqləndiyini göstərmişik. Lakin düşünürük ki, Emili Keitrin obrazında yeni qadın, dövrün sosial ədələtsizliyinə etiraz edə bilən, öz hislərini çılğın şəkildə etiraf etməyə cəhd edən qadın yaratmaq istəsə də, yaşadığı cəmiyyətin tənəsindən və tənqidi münasibətlərdən ehtiyat edərək tam istədiyinə nail ola bilmir.

Açar sözlər: gender, qadın, Viktoriya ədəbiyyatı, obraz, bədii təsvir, feminizm