MOĞOL DÖVRÜ MİNİATÜR SƏNƏTİ VƏ NİZAMİ GƏNCƏVİ İZLƏRİ
Əfsanə MƏMMƏDOVA

Moğol dövrü miniatür sənəti qədim hind dini mətnləri də daxil olmaqla hələ 9-cu əsrdən mövcud olmuşdur. 15-ci əsrdə müxtəlif üslubların təsiri ilə Moğol təsviri sənəti formalaşdı; dini motivlər daha dünyəvi motivlər, kəskin və bayağı rənglər bir-birilə uyuşan yumşaq və açıq rəng tonları, obrazların qabarıq və qeyri-adi ölçülərdə təsviri daha real və gerçək təsvirlərə əzəvləndi. Türk, İran, hind və Avropa üslublarının sintezindən yaranan özünəməxsus üslubu ilə Moğol təsviri sənəti 16-17-ci əsrlərdə özünün epopeyasını yaşadı. Kollektivizmdən individualizmə keçid daha dəqiq və naturalist rəsmlərin meydana gəlməsini şərtləndirdi. Rəsmlərdə harmoniya və balansın qorunması, məcazi olaraq, kosmopolit Moğol cəmiyyətində tolerantlıq və mədəni dözümlülüyə eyham idi. Hələ şah Baburun idarəçiliyi dövründən başlayan və şah Əkbərin dövründə intişar edən “sülhü-küll” (hamya sülh) siyasi şüarı Hindistanın digər mədəniyyətlərə açıq və tolerant olmasının göstəricisi idi. Mədəniyyətlərarası mübadilə  Moğol tarixinin zəngin mirasını formalaşdırdı. Məşhur əsərlərə çəkilən miniatürlər tək oxucu zövqünü oxşayan təsvirlər deyil, dövrünün tarixi reallıqlarını əks etdirən vizual sənədlər idi. Moğol təsviri və ədəbi məktəbi tarixində Nizami Gəncəvi ənənəsi xüsusilə qeyd edilməlidir. Əmir Xosrov Dehləvi ilə başladılan “Xəmsə” ənənəsi saray şairləri və rəssamlarını istər üslub, istərsə də kompozisiya baxımından sınadı, onlara əsl sənətkarlıq meydanı açdı. “Xəmsə”yə çəkilən miniatürlər, şübhəsiz, Moğol təsviri sənət tarixinin ən kamil nümunələrindən hesab olunmalıdır. 

 

 

Açar sözlər: Moğollar, miniatürlər, Hindistan, multikulturalizm, təsviri sənət, Səfəvilər, Şah Hümayun, Şah Əkbər, Nizami Gəncəvi, Xəmsə, Əmir Xosrov Dehləvi