FİRİDUN BƏY KÖÇƏRLİNİN “BALALARA HƏDİYYƏ” KİTABI HAQQINDA M.Ə.RƏSULZADƏNİN MÜLAHİZƏLƏRİ
Nəcibə BAĞIRZADƏ

Görkəmli ədib, folklorşünas, Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz tədqiqatçısı Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı Azərbaycan uşaq ədəbiyyatının dəyərli nümunələrindəndir. Bir çox ədəbiyyatşünasların diqqətini çəkmiş bu əsər haqqında böyük ictimai-siyasi xadim, ədəbiyyatşünas Məhəmməd Əmin Rəsulzadənin mülahizələri olduqca maraq doğurur. Məhəmməd Əmin bəy “Balalara hədiyyə”yə həsr etdiyi eyni adlı məqaləsində uşaq ədəbiyyatının önəmli olduğunu vurğulayaraq Firidun bəyin millət üçün çox vacib, gərəkli bir iş gördüyünü dəyərləndirir.  Məhəmməd Əmin bəy “Balalara hədiyyə”ni “şahkar bir əsər” adlandırmış, xalq nağıllarının, atalar sözlərinin, tapmacaların toplandığı bu əsərin böyüməkdə olan nəsil üçün əvəzsiz bir sərvət olduğunu qeyd etmişdir. Buna baxmayaraq,  M.Ə.Rəsulzadə böyük dəyər verdiyi bu əsər haqqında həm də öz iradlarını bildirmişdir. Belə ki, əsərdə türkcə olmayan tərkiblər onda təəssüf doğurmuşdur. Aydındır ki, millətin gələcəyinin böyüməkdə olan nəslin təlim-tərbiyəsindən, maariflənməsindən asılı olduğunu bilən Rəsulzadə onların milli təfəkkürünün inkişafını da vacib saymışdır. Bu məsələdə milli dilin nə qədər mühüm rol oynadığını bilən Rəsulzadə bu məqamı kitabın qüsuru kimi qeyd etmişdir. Bu da təbii ki, onun Firidun bəydən daha böyük gözləntiləri olduğununa bağlıdır. O, öz məqaləsində bu önəmli işin həm Firidun bəyin, həm də gənclərin davam etdirməli olduğunu vacib saydığını qeyd etmişdir.

Məhəmməd Əmin Rəsulzadə Firidun bəy Köçərlini heç zaman ununtmamış, mühacirətdə olduğu zaman belə bolşeviklərin qətlə yetirdiyi bu millət fədaisini böyük hörmətlə xatırlamışdır. M.Ə.Rəsulzadənin “Balalara hədiyyə” kitabı haqqında yazdığı eyni adlı məqaləsi isə Məhəmməd Əmin bəyin həm Firidun bəy Köçərli, həm də Azərbaycan uşaq ədəbiyyatı haqqında mülahizələri kimi böyük əhəmiyyət kəsb etməkdədir.

Açar sözlər: M.Ə.Rəsulzadə, Firidun bəy Köçərli, “Balalara hədiyyə”, uşaq ədəbiyyatı, milliyyət hissi, el ədəbiyyatı