MÜASİR AZƏRBAYCAN NƏSRİNDƏ SOVET REPRESSİYASININ İFŞASI (Mehdi Hüseynin, Yusif Səmədoğlunun, Elçinin, Hüseyn İbrahimovun əsərləri əsasında)
Kəmalə Kamil qızı CƏFƏROVA

Müasir Azərbaycan nəsrində sovet repressiyasının ifşasına həsr olunmuş əsərlər poeziya ilə müqayisədə daha çox diqqəti cəlb edir. Nəsrdə tiplər, xarakterlər, təsvir olunan hadisələr daha real və inandırıcıdır. Poeziyada şair qarşısına elə bir məqsəd qoymur ki, müəyyən bir hadisəni, ya təsvir etdiyi obrazın həyatını, mübarizəsini, başqa obrazlarla münasibətini oxuculara təqdim etsin, amma nəsrdə insan xarakterləri, onların bir-biri ilə qarşılıqlı münasibətləri, əsas qəhrəmanların düşüncələri, psixologiyası öz əksini tapır, burada şair xəyalına yer yoxdur.

Azərbaycan nəsrində 1937-ci il sovet repressiyasının ifşasına həsr olunmuş, həmin dəhşətli bəlaların mahiyyətini, ayrı-ayrı böyük sənətkarların, ziyalıların repressiya qasırğası ilə cismən məhv olduqlarını, ya Sibir sürgünündə əzablara məhkum olunduğunu əks etdirən bir neçə roman var. Yazıda sovet repressiyalarının mahiyyəti, dövrün ziddiyyətli ab-havası Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır”, Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü”, Hüseyn İbrahimovun “Böhtan” romanları əsasında müqayisə aparılaraq təhlil olunur.

Açar sözlər: müasir Azərbaycan nəsri, repressiya, Hüseyn Cavid, Stalin, M.C.Bağırov