Nizami Gəncəvinin əsərlərinin Azərbaycanda öyrənilməsi, təbliği, elmi şəkildə tədqiqata cəlb edilməsi və tərcümə olunmasına XX əsrin 40-cı illərində start verilmişdir. Dahi şairin anadan olmasının 800 illik yubileyi ərəfəsində yaradıcılığının müfəssəl tədqiqi sahəsində dövlət səviyyəsində işlər görülmüş, SSRİ-nin ən təcrübəli mütəxəssisləri bu işə cəlb edilmişdir. Akademik Yevgeni Bertelsin rəhbərliyi ilə yaradılan işçi qrupu gərgin əmək sərf edərək, Nizaminin əsərlərini
Azərbaycan dilinə tərcümə etməzdən əvvəl, onun elmi tənqidi mətnini hazırlamışdır. Mütəxəssislər
Azərbaycan Elmlər Akademiyasının kolleksiyasında saxlanılan əlyazmaların daha mükəmməl
olduğunu bildirir.
Doğrudan da, ötən əsrin 40-cı illərindən başlayaraq Nizami Gəncəvinin əsərlərinin müxtəlif
dillərə tərcüməsi, Azərbaycanda şairin əsərlərinin nəşrə hazırlanması işi böyük sürətlə davam
etdirildi. Həmid Araslı, Məmməd Mübariz, Mir Cəlal, Mirzə İbrahimov, Mirzəağa Quluzadə,
Məmmədağa Sultanov, Rüstəm Əliyev, Teymur Kərimli, Azadə Rüstəmova, Nüşabə Araslı, Xəlil
Yusifli, Əlyar Səfərli kimi nizamişünaslar şairin əsərlərini müxtəlif aspeklərdə tədqiq etmiş, Rəsul
Rza, Məmməd Rahim, Abdulla Şaiq, Səməd Vurğun, Cəfər Xəndan, Nigar Rəfibəyli, Xəlil Rza və
başqa görkəmli şairlərimiz ayrı-ayrı poema və qəzəllərini dilimizə tərcümə etmişlər. Nizami
Gəncəvinin əsərləri istər sovet dövründə, istərsə də müstəqillik illərində öz həqiqi dəyərini,
daşıdığı fəlsəfi və bədii yükün çəkisini heç vaxt özündə ehtiva etməmişdir. Bu baxımdan keçmiş
ideoloji buxovları arxada qoyduğumuz üçün bu gün nizamişünaslıqda yeni bir mərhələnin
başalnması üçün real imkanlar var.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
–deyən ulu Nizaminin əsərlərini bu gün, həqiqətən, daxili bir məhəbbətlə, sevgi ilə öyrənmək
və təbliğ etməyin zamanı yetişmişdir. Tədqiqatçılarımızın bu işin öhdəsindən layiqincə gələcəyinə,
2021-ci il–“Nizami Gəncəvi İli”nin Azərbaycan ədəbiyyatşünaslığında yeni bir mərhələ açacağına inanıram.