MƏHƏMMƏD HADİNİN ŞEİRLƏRİNDƏ CƏHALƏT VƏ SAVADSIZLIĞA QARŞI ÇAĞIRIŞ
Seyran QAYIBOV

Azərbaycan ədəbiyyatında romantizm cərəyanının əsas nümayəndələrindən biri kimi tanınan Məhəmməd Hadi yaradıcılığında öz dövrünün fikir adamlarının bir çoxunda olduğu kimi elm, maarif, təhsil haqqında olduqca diqqətə layiq görüşlər mövcuddur. Hadi millətin maariflənmədən ətalət və zillətdən qurtula bilməyəcəyini yazırdı. O, cəhalətin insan, eləcə də bütün cəmiyyət üçün dəhşətverici bir hal olduğunu qeyd edir, təhsillə əldə edəcəyi nailiyyətin insane daha böyük səadətlər bəxş edəcəyini bildirirdi.

Hadinin yaşadığı dövrdə cəmiyyətin elm və təhsilə baxışınının birmənalı olmadığı, dövrün maarifpərvər ziyalılarının bu yolda bir çox maneələrə məruz qaldıqları Azərbaycan pedaqoji fikir tarixindən, eləcə də ədəbiyyat tariximizdən məlumdur.

Hadi cəmiyyətdə mövcud olan qüsürları mülayim bir üslubla dilə gətirir. Onun üslubunda didaktizm hakimdir. Azərbaycan cəmiyyətində mövcud olan reallığı bütün açıqlığı ilə qəbuledən şair şerilərində həyatı olduğu kimi təsvir edərək müraciət etdiyi cəmiyyətin dəyərlərini gözardı etmir. Hadinin xitab etdiyi cəmiyyət əsas ən müsəlmanlardan ibarət olduğuna görə o, elm, maarif və təhsilin vacibliyini İslam dinindən sitatlar gətirərək izah edirdi. Zaman-zaman dini bilikləri düzgün izah etməyən və bunun nəticəsində  insanları elmdən, təhsildən uzaqlaşdıran din xadimlərini tənqid edən Hadi, Avropalıların elm və sənayedə qazandıqları nailiyyətlərlə bütün dünyaya hakim olduqlarını bildirir.

Hadi xüsusilə qadınların təhsil almalarına tərəfdardır. Şairə görə qadının təhsil alması millətin şəfa tapmasına, onun ruhunun müalicə olunmasına bərabərdir.

Təhsil ocaqlarının millət həyatında olan əhəmiyyətindən danışan Hadi yeni-yeni məktəblərin açılması, ali məktəblərin təşkil olunması ilə millətinin cəhalət və  savadsızlıqdan qurtulacağını qeyd edir.

Açar sözlər: Məhəmməd Hadi, şeir, cəhalət, elm, təhsil