FOLKLOR JANRLARINDA “ÖLÜM” METAFORU
Kəmalə İSLAMZADƏ

Obrazın metaforalaşdırılması folklor mətnlərindəki müxtəlif söz və hərəkətlərin müəyyən məna daşıdığını göstərməkdədir. Həmin mənalar ibtidai insanların dünya ilə bağlı ritmik, hərəki, əşyavi, şəxsləndirilmiş interpretasiyalarını ehtiva edir və metaforaların çoxvariantlılığını şərtləndirir. Yemək, doğuluş, ölüm barədə obrazlı təsəvvürlərin formalaşdırdığı metaforalar müxtəlif kombinasiya və variasiyalarda ədəbi janrları, süjetləri təşkil edir, onların morfoloji tərkib hissəsinə çevrilir. Bunu obrazlı təfəkkürün metaforalaşmış dili də adlandırmaq olar.

Ölüm simvolikası çox zaman mikro və makrokosmosun təbii mühiti, mədəni landşaft obyektləri ilə sıx bağlı olur. Hər bir elementin məcazilik qazanaraq metaforaya çevrilməsi uzunmüddətli müşahidələr nəticəsində baş verən hadisədir.

Həm regional dialekt və şivələrdə, həm də ədəbi dildə ölümü ifadə edən, çox qədim dövrlərdə formalaşmış vahidlər, özünəməxsus nitq kodları mövcuddur. Onların əsrləri aşaraq günümüzə gəlib çıxması, yalnız folklor mətnlərində deyil, bəzən məişətdə, adi ünsiyyət zamanı eyni mənada işlənməsi etnopsixologiyanın və mentalitetin sabitliyi, xarici təsirlərə dayanıqlı olması ilə izah edilməlidir. Mifoloji-poetik xarakterli şərti rəmzlər ölüm anlayışının metonimik əvəzlənməsinə əsaslanmış, xalq arasında yayılaraq ənənəviləşmişdir. Belə dil vahidləri folklorun ən müxtəlif janrlarına səpələnmişdir. Bunların içərisində həm kiçik janrlar – paremiyalar, həm lirik, həm də epik nümunələr vardır.

Bir çox hallarda ölüm metaforası kimi müxtəlif quş (bayquş, qarğa, şahin, quzğun, göyərçin və s.) obrazları çıxış etmişdir. Yəqin ki bu, quşların mediator, yəni bu dünya ilə o biri dünya arasında əlaqə yaradan varlıqlar kimi qəbul olunmasından irəli gəlir. Başqa sözlə, quşların uçmaq bacarığı, səmalara yüksələ bilməsi onların mediator kimi təsəvvür edilməsinə səbəb olmuşdur. Ruhlar dünyası ilə əlaqələndirilməsi isə sonradan quşların ölümün özünün zoomorfik obrazına transformasiyasını şərtləndirmişdir.

 

Açar sözlər: metafor, ölüm, sakral, landşaft, mif, quş obrazları, ağac