URDU ŞƏHRAŞUBLARI MƏRKƏZİ ASİYANIN ŞƏHRAŞUBLARI KONTEKSTİNDƏ VƏ MİLLİ ƏDƏBİYYATDA İCTİMAİ-SİYASİ DÜŞÜNCƏNİN İFADƏÇİSİ KİMİ
Rafael HÜSEYNOV

Urdu ədəbiyyatı və dilinin hind mədəniyyəti tarixindəki inkişaf yoluna ötəri bir nəzər aydınca göstərir ki, bu xalqın elçisi olan şairlərin öz dilində şeirlər yazmağa başlaması belə, əslində xalqın milli şüurunun oyanması demək idi. Urduların öz milli ləyaqətlərini dərk etməsi demək idi.

Urdu poeziyasındakı milli, demokratik və antiimperialist motivlərin şəhraşub janrında əks etdirilməsi bütövlükdə bu növ şeirin tarixində tamamilə yeni səhifə açır. Eyni zamanda lap başlanğıcdan cəmiyyətin orta təbəqsinin istək və amallarını təsvir etməyi əsas mövzu istiqaməti kimi götürmüş bu janr urdu xalqın mübarizə əzminin münasib meydanına çevrilir.

Müəyyən dövrdə mütəxəssislər urdu ədəbiyyatını klassik fars və hind ədəbiyyatlarının qəliblərindən kənara çıxa bilməyən, milli və demokratik ünsürlərdən məhrum bir ədəbiyyat saymışlar. Bu motivlərin urdu poeziyasındakı varlığından ilk dəfə Ram Babu Saksena 1927-ci ildə çap etdirdiyi “Urdu ədəbiyyatı tarixi”  kitabında ötəri də olsa söz açmış, sonralar Seyid Ehtişam Hüseynin tədqiqatında bu xətt dərinləşdirilmişdir. Demokratik ideyalar, xalq həyatının poeziyaya gəlişi XVIII əsrə qədər urdu ədəbiyyatı üçün yad olmuşdur. Məhz bu əsrdə Hindistanda ciddi siyasi, iqtisadi və ideoloji dəyişikliklər baş verir. Feodalizm sisteminin böhranı, ölkəyə yadellilərin basqını, daha sonra ingilis asılılığı xalqın səbr kasasını daşdırır.         İstiladan cana doyan xalq üsyanlara əl atır və bu xalq əhvali-ruhiyyəsi ədəbiyyatda, ən əvvəl şəhraşublarda əksini tapır. Urdu şairlərinin getdikcə daha qüdrətlə səslənən çağırışları yeni-yeni şəhraşubçu şairlərin meydana gəlməsinə imkan yaratmışdır.

1770-ci ildə Benqaliyada 10 milyon adam acından ölür. Sənət və peşə sahibləri işsizlər ordusuna çevrilirlər. Bu acınacaqlı hadisələr şəhraşublarda əks olunur. Təsadüfi deyil ki, elə bu vaxtlarda şəhraşub paralelləri olan təzə terminlər ortaya çıxır: Dəhraşub, Fələkaşub, Aləmşub. Məsələ bundadır ki, artıq bir şəhərin dərdindən, ağrılarından söz açmaq kifayət etmir. Janrın çərçivəsi, mövzu və ideya istiqamətləri zamanın tələbi ilə getdikcə genişlənir. Şəhraşubun sabit mövzu dairəsi yaranır: Poeziyanin qəhrəmanı kimi “qara camaat” ön plana çəkilir, mənsəb və mənşəyindən asılı olmayaraq bütün insanların bərabərliyi, azadlıq arzuları ifadə olunur, yerli feodalların, hakimlərin xalqın qanını soran zəli olduğu, ingilis istismarının dözülməzliyi poetik dillə elan olunur.

     Bu bir tərəfdən urdu poeziyasının dünya ədəbiyyatında öz “mən”ini tapmaq yolundakı qəti addımı olursa, digər tərəfdən şəhraşub janrının evolyusiyasında ən yüksək mərhələyə çevrilir.

     XVIII əsrin sonlarına doğru  Dehlinin, urdu dilində yaranan ədəbiyyatın yeganə mərkəzi olmaq ənənəsinə son qoyulur. Moğol imperiyasının zəifləməsi ölkədə müstəqil feodal knyazlıqlarının yaranmasına gətirib çıxarır. Dehlinin bir sıra məşhur şairləri özlərinə münasib dolanışıq düzəltmək üçün Dehlini tərk edilrər, Əzimabad, Heydərabad, Rampur kimi şəhərlərə üz tuturdular.

     Mir Həsən, Sauda Mir Təqi Mir, Müshəfi, Curaat, İnşa kimi tanınmış şairlər Ləkhnouda toplanır və onlar yeni dəsti-xəttin, özünəməxsus tematikası ilə seçilən yeni bir ədəbi məktəbin əsasını qoyurlar. Bu şairlər içərisində Sauda xüsusən seçilir. Təsadüfi deil ki, məhz Mirzə Sauda adı ilə tanınmış bu şairi mütəxəssislər urdu poeziyasında satira janrının yaradıcısı saymışlar.    Bütün varlığı və yaradıcılığı ilə Ləkhnouya bağlı Müshəfi şəhraşubunda da dağılan, bərbad vəziyyətə düşən Dehli acınacaqlı görkəmi ilə canlanır. XVIII əsr urdu poeziyasının görkəmli nümayəndəsi Nəzir Əkbərabadi də xalq həyatını, onun ağrılarını-acılarını əks etdirən maraqlı şəhraşublar qələmə almışdır.

1849-cu ildə ingilis müstəmləkəçiləri Pəncabı işğal edir və bununla bütün Hindistanın fəthi başa çatır. Ölkədəki milli müstəqilliyin son izləri də itir. Beləliklə, XIX əsrin ortalarında ən qədim sivilizasiya ocağı olan bir ölkə qazandığı ən əziz neməti – azadlığı itirir. 1857-ci illərdəki xalq üsyanı yadelli hakimiyyətin yıxılması ilə başa çatmırsa da milli şüuru daha qüvvətlə silkələyib oyadır, milli-azadlıq hərəkatının inkişafına güclü təkan verir. Xalqın bu duyğuları, bu əhvali-ruhiyyəsi poeziyada və yenə ən əvvəl şəhraşublarda əksini tapır.

         Şibli Nemaninin “Şəhraşub e-islam”ı urdu poeziyasında “vətəndaş poeziyası” deyilən yeni istiqamətin formalaşması yolunda atılan ən gərəkli və cəsarətli addımlardan biri olur. Maraqlıdır ki, urdu ədəbiyyatındakı bu istiqaməti yaradan, möhkəmləndirən məhz şəhraşubçu şairlər və onların şəhraşubları olmuşdur.

         Şəhraşub janrının urdu ədəbiyyatındakı nümunələrini daha dərin tədqiqə ehtiyacı var. Çünki bu şeirlər ictimai-siyasi həyatın gerçəkçi güzgüsü olmaqla yanaşı urdu xalqının azadlıq mübarizələrinin də poetik salnaməsi sayıla bilər.

Açar sözlər: Urdu ədəbiyyatı, janr, sənət-peşə sahibləri, Məsud Səd Salman, şəhraşub, şəhrəngiz, dəhraşub, fələkaşub, aləmaşub, işsizlər ordusu, Mirzə Sauda, yeni ədəbi məktəb, Nəzir Əkbərabadi, ictimai-siyasi həyat, şəhraşub-e islam, Şibli Nemani