POSTMODERNİZMİN DİGƏR ƏDƏBİ-ESTETİK “İZM”LƏRDƏN FƏRQİ
İradə MUSAYEVA

Məqalədə postmodernizm ədəbi estetikasının mahiyyəti açılır, onun yaranma dövrü və dünya ədəbi-nəzəri düşüncəsində təhlillərinə diqqət yetirilir. Göstərilir ki, XIX əsrin sonu XX əsrin əvvəllərində ədəbi-mədəni düşüncədə, ümumən incəsənətdə, eləcə də fəlsəfədə klassik formalardan imtina ənənəsi yaranmağa başladı. Dekonstruksiya, şablonların dağıdılması və yenidən konstruksiya nəzəriyyəsi işlənib hazırlanması prosesinin özü postmodern təfəkkür tərzi yaratdı.Postmodernizmdə zamansızlıq və ya zamanı subyektivləşdirmə üsulu var. Burada insanlar sanki dünya zamanı, hamının işlətdiyi vaxt ölçüləri – il, ay, saat və s. ilə deyil, öz təqvimi ilə işləyir. Burda tarix ancaq bizim anladığımız kimi “keçmiş” demək deyil. İnsan zamanda yox, zaman insanın içindədir. Hər şey şüur axınında olduğu kimi insanın hiss və düşüncələrinin axarında hüdudsuz ola bilər. Sərhədlər, qəliblər, şlaqbaumlar götürülür. İnsanın iradəsi şüurlu şəkildə, dünyanı dərk edə bilən intuitiv həssaslıqla ilahi məqama doğru can atır. Bu canatmada dünya bütün “anti”ləri və paradoksları ilə belə vəhdətlənir, vahidləşir, bütövlənir. Bütün bu proseslərdə sistemləşdirmə, qurma, vəhdətə gətirmə və yenidən dağıtma, pozma və xaos yaratma “sənətkarlığı” yeni ədəbi- estetik baxış rakursu – postmodern estetika yaradır.

Açar sözlər: modernizm, postmodernizm, modern təfəkkür, sənətin tənəzzülü, klassik formalardan imtina ənənəsi, dekonstruksiya, konstruksiya nəzəriyyəsi və s.