SEYYİD ƏŞRƏFƏDDİN GİLANİNİN TƏMSİLLƏRİ VƏ SATİRİK ŞEİRLƏRİ
İlhamə GÜLTEKİN

1905-ci ildə Cənubi Azərbaycanda başlayan milli azadlıq hərəkatı – Məşrutə inqilabının doğurduğu yeni fikir və ideallar İranda xalq düşüncəsinin dəyişməsinə mühüm təsir göstərdi. Siyasi həyatdakı dəyişikliklər ədəbiyyatdan da yan keçmədi. Bu dövrdə tarixi inkişaf qarşısında yazıq və güçsüz görünən insanlara gülməyi öyrədən, əhval-ruhiyyəni qaldıran, eyni zamanda, xalqı inqilaba səsləyən, döyüşkən ruh yaradan, qısacası, mövcud zamanla səsləşən şeir-şüarlara ehtiyac duyulurdu. Bu ölkədə siyasi satiranın yaranması, publisistikanın inkişaf etməsi və demokratik İran ədəbiyyatının güclənməsinə səbəb oldu. İran satirik poeziyasının görkəmli nümayəndəsi, şair və jurnalist Seyyid Əşrəfəddin Gilani də məhz bu dövrdə ədəbiyyat aləminə daxil oldu. O, qısa müddətdə “Molla Nəsrəddin” jurnalının təsiri ilə özünün “Nəsime-Şemal” qəzetini dərc etdirməyə başladı. Gilani həftəlik dərc etdirdiyi qəzetində həm öz əsərlərini, həm də Azərbaycan şairi Mirzə Ələkbər Sabirdən etdiyi tərcümələri dərc etdirirdi. Tərcümə etdiyi şeirlərin böyük əksəriyyətində mənbə və müəllifi göstərməyərək öz imzasını qoyması tədqiqatçılar tərəfindən tənqid edilsə də, şairin vətəni və xalqı qarşısında gördüyü xidmətlərin bu səhfi kölgədə qoyduğu düşünülür.

Gilaninin əsərlərini məzmununa görə ictimai, siyasi və iqtisadi olmaqla üç hissəyə ayırmaq olar. Şairin ictimai məzmunlu şeirlərinin başlıca mövzusu din, riyakarlıq, vətənpərvərlik, azad və hüquqları qorunan qadın və maariflənməyə çağırış idi. Onun “Nəsime-şemal” qəzetində dərc etdirdiyi şeirləri milli mübarizənin önəmli ünsürlərindəndir.

Bu qarışıq dövrdə o, uşaqları da unutmur, orta məktəb dərliklərində demək olar ki, yer almayan təmsil mövzusunu da gündəmə gətirir və “Qolzare-ədəbi” adı altında 30 təmsildən ibarət kitabını dərc etdirir.

Məşrutə dövrünün önəmli ədəbi siması, tərcüməçisi və jurnalisti, yenilikci təmsil müəllifi olan Gilaniyə İran ədəbiyyatı tarixində indiyədək layiqincə yer ayrılmamışdır. Azərbaycan ədəbiyyatı üçün də o, dahi şairimiz Sabirin əsərlərinin mahir tərcüməçisi kimi böyük əhəmiyyətə malikdir.

Açar sözlər: Əşrəfəddin Gilani, “Nəsime-şemal”, Mirzə Ələkbər Sabir, Məşrutə, təmsil, satira