QORİ MÜƏLLİMLƏR SEMİNARİYASI MƏZUNLARININ AZƏRBAYCANIN MAARİF VƏ TƏHSİLİ TARİXİNDƏ ROLU
Tomiris BABANLI

Məqalə XIX yüzildə təməli qoyulmuş maarifçiliyin XX yüzilin əvvəllərində xüsusilə yeni istiqamət almasından və Azərbaycan maarifçiliyinin geniş ictimai hərəkat dövrünün yeni mərhələsinə qədəm qoymasından bəhs edir. Müəllif ötən əsrin əvvəllərində Azərbaycan maarifçiliyinin ictimai-fəlsəfi, mədəni-siyasi və ədəbi-ideoloji hərəkat kimi formalaşması, Azərbaycanın, eləcə də bütün Qafqazın həyatında baş verən sosial-iqtisadi, mənəvi-mədəni inkişafın maarifçilik üçün əlverşli şərait yaratmasını qeyd edir. Məqalədə maarifçilərin inqilabi demokratik ideyalarla mürəkkəb ictimai-siyasi hərəkatın iştirakçısına çevrilməsi, onların xalqın savadlanması, gənc nəslin dünyagörüşünün formalaşması, dövlətin tərəqqisi üçün göstərdiyi səydən danışılır. Azərbaycan mədəniyyəti, maarifinin mütərəqqi ideyalar əsasında qurulması sahəsində Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının bütöv bir ziyalı nəslinin formalaşmasında oynadığı mühüm roldan, seminariya məzunlarının dini fanatizmin güclü olduğu bir zamanda maneələrə sinə gərərək ana dilində tədrisi gücləndirmək, maarifçilik ideyalarını yaymaq, ağır şəraitdə yaşayan qız uşaqları üçün məktəblər açmaq, dərs vəsaitləri hazırlamaq kimi çətin işlər uğrunda mübarizəsindən söhbət açılır.

Açar sözlər: Qori Müəllimlər Seminariyası, maarif, təhsil, demokratik ideyalar, milli özünüdərketmə