“Yusif və Züleyxa” rəvayəti Şərq dünyasında, xüsusilə də türkdilli ədəbiyyatda əsrlər boyu sevilən və çox işlənən mövzulardan biri olmuşdur. Bu mövzunun əsası Yusif peyğəmbərin həyat sərgüzəşti olub, “Tövrat”da “Yaradılış” kitabının 37-50-ci fəsillərində, daha sonra isə “Qurani-Kərim”in 12-ci surəsində gəlmişdir. Rəvayətin ilkin variantı zaman keçdikcə müəyyən dəyişikliklərə uğramış, lakin əsas süjet və motivlər qorunub saxlanılmış və ədəbi əsərlərdə öz əksini tapmışdır. XIII əsrdən başlayaraq türkdilli xalqların ədəbiyyatında istər nəzm, istərsə də nəsrlə yazılmış əllidən çox “Yusif və Züleyxa” əsəri olduğu məlumdur. Türkdilli xalqların ədəbiyyatında “Yusif və Züleyxa” mövzusunda ilk əsər Qul Əliyə məxsus “Qisseyi-Yusif” əsəri olmuşdur. “Qisseyi-Yusif” əsəri Qul Əlinin elmə məlum yeganə əsəridir və bir sıra alimlərin fikrincə, əsərin dili qıpçaq və oğuz türklərinin dilinə daha yaxındır. Hazırkı məqalədə “Qisseyi-Yusif”in qısa məzmunu verilir və şairin müraciət etdiyi ilkin mənbələr araşdırılır. Araşdırmanın nəticəsi göstərir ki, Qul Əli “Qisseyi-Yusif” əsərini yazarkən “Yusif” surəsini əsas götürmüş, eləcə də, folklora və xalq yaradıcılığına da müraciət etmişdir. Əsərdən gətirilən nümunələrdən belə məlum olur ki, şair Tövratda və bir çox təfsirlərdə, o cümlədən “Təfsiri-Təbəri”də, Fəxrəddin Razinin “Təfsiri-Kəbir”ində, Məhəmməd Məsud Əyyaşinin və ya Əbülhəsən Əli Quminin, həmçinin XI əsr şairi Surabadi kimi tanınan Əbu Bəkr Ətiq Nişapurinin təfsirində nəql olunmuş bəzi epizodları da öz əsərinə daxil etmişdir.
QUL ƏLİNİN “QİSSEYİ-YUSİF” ƏSƏRİNİN İLKİN MƏNBƏLƏRİ
Açar sözlər: Qul Əli, Yusif və Züleyxa, ilkin mənbələr, Quran, Tövrat, Cərir Təbəri, təfsirlər
CARİ BURAXILIŞ
Rafael Hüseynov
Şəhla ABDULLAYEVA