XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BUZOVNA ƏDƏBİ MÜHİTİ VƏ BUZOVNALI ŞAİRLƏRİN MAARİFÇİLİK FƏALİYYƏTİ
Tomiris BABANLI

“XX əsrin əvvəllərində Buzovna ədəbi mühiti və buzovnalı şairlərin maarifçilk fəaliyyəti” adlı məqalədə müəllif Azərbaycan ədəbi-bədii fikir tarixində xüsusi yeri olan Buzovna şairlərinin maarifçilik fəaliyyəti haqqında məlumat verir. Bildiyimiz kimi, XIX əsr Azərbaycanın ictimai fikir tarixində mühüm dövr kimi səciyyələndirilir. Bu dövrdə Azərbaycanda maarifçilik ideyalarının vüsət alması sonrakı mərhələlərdə inkişaf edərək milli mətbuatın yaranmasına gətirib çıxardı, nəşriyyat, mətbuat, səhiyyə sahələrində xalq maarifpərvərləri və mədəniyyət xadimləri yetişdi. Azərbaycanda geniş yayılmış maarifçilik ideyaları xalqımızın milli oyanışı və özünüdərkində mühüm rol oynamışdır.XIX əsrin 30-cu illərindəAzərbaycanın müxtəlif şəhərlərində maarifpərvərlərin təşəbbüsü ilə məktəblər təsis edildi, milli şüurun inkişafına, mədəni tərəqqiyə yol açan təhsil ocaqları  fəaliyyətə başladı. 1917-ci ildə Azərbaycanda 500-ə yaxın məktəb var idisə, bunlardan 16-sı Bakıda və Abşeronun kəndlərində fəaliyyət göstərirdi. Abşeronun tərəqqipərvər ziyalıları ilə məşhur kəndlərindən biri olan Buzovnada da yeni tipli məktəblərin təşkilinə başlandı. Bu işdə “Məcməüş-şüəra” ədəbi məclisinin üzvləri olmuş şairlər fəal iştirak edir,  bir maarifpərvər kimi  Buzovnada gənc nəslin təhsilə cəlb edilməsində, maariflənməsində, biliklərə yiyələnməsində əvəzsiz  xidmət göstərirdilər. 1920-ci illərdən sonra buzovnalı maarifpərvər  şairlər Məşədi Azər İmaməliyevin, Haşım bəy Saqib Heybətbəyovun, Ağasəlim İmaməliyevin (Fədainin), Məhəmmədismayıl Asinin, Əliağa Şərqinin, Musa Qəmlinin, Abbasqulu Abdullayevin, Xoşsima xanım Axundovanın (Haşım bəy Saqibin xanımı) təşəbbüsü ilə məktəblər təşkil edilir, maarifçilik ideyaları yayılır, buzovnalı gənclər təhsilə cəlb edilirdi.Bu şairlərin fəaliyyətində yeni quruluşa, ictimai-siyasi hadisələrə, maarifə münasibət, mənəvi azadlıq və humanizm ideyaları mühüm yer tuturdu. Adları çəkilən ziyalılar elmə, təhsilə önəm verir, gənclərin yeni cəmiyyətdə azadfikirli, mütərəqqi ideyalı insan kimi yetişməsinə çalışırdılar. Yeni üsullu təhsil sistemini alqışlayan bu maarifçi şairlər böyük çətinliklər bahasına gənc nəslin dünyagörüşünün formalaşmasını, onların hər vəchlə təhsilə cəlb edilməsini təmin edirdilər. Yeni tipli dünyəvi məktəblərin yaranması millətin mənəvi və milli tərəqqisinin inkişafına təkan verdi.

Açar sözlər: Buzovna ədəbi mühiti, maarifpərvər, milli özünüdərk, tədris, mütərəqqi ideyalar