“Risalə” elmi araşdırmalar jurnalı
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 2004-cü ildən etibarən mütəmadi olaraq “Beşlik” (“Risalə” elmi araşdırmalar jurnalı, “Şərq” tərcümə toplusu, “Qaynaq” mənbələr toplusu, “Xəzinə” kataloqlar toplusu, “Məclis” mərasimlər toplusu) nəşr etdirir. Bu toplulardan biri olan “Risalə” araşdırmalar jurnalı ədəbiyyatşünaslıq və muzeyşünaslıq üzrə elmi məqalələri dərc edir.
Nizami muzeyi özündə iki istiqaməti birləşdirir. Bura həm muzeydir, mədəniyyət müəssisəsidir, həm də elmi tədqiqat institutu, bilik ocağıdır. Orta çağda elmi əsərlərə, traktatlara “risalə” deyərdilər. Ulularımızın, elm tariximizi yaratmış babalarımızın “risalə” ünvanı ilə sonrakı nəsillərə ötürdükləri əsərlərin çoxu bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. Elmi məqalələr toplusuna “Risalə” ünvanını seçərkən onu da arzu edirik ki, bu topluda yer alan yazılar ciddi elmi faktlara çevrilə bilsin.
Elmi araşdırmalarından ibarət “Risalə” jurnalı ildə iki dəfə (yaz və payız) nəşr edilir və məzmunu etibarilə filologiya (Azərbaycan və dünya ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, mətnşünaslıq) və sənətşünaslıq (muzeyşünaslıq) sahələri üzrə məqalələri əhatə edir.
"Risalə" elmi araşdırmalar jurnalı filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyyə etdiyi dövri elmi nəşrlər siyahısındadır. 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin reyestri"nə daxil edilmişdir (Reyestr № 4216). Eyni zamanda "Risalə" elmi araşdırmalar jurnalı 05 aprel 2018-ci ildən EBSCO beynəlxalq elektron məlumat bazasına daxil edilmişdir (Müqavilə № 46516).