Əliağa Vahidə göndərilən və Əliağa Vahidin göndərdiyi məktublarda dövrün ədəbi mənzərəsinin xüsusiyyətləri
Aymən Hüseynova

“Əliağa Vahidə göndərilən və Əliağa Vahidin göndərdiyi məktublarda dövrün ədəbi mənzərəsinin xüsusiyyətləri” adlı məqalədə XX əsr klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əliağa Vahidin milli ədəbiyyatımızı yeni bir mərhələyə yüksəltməsi və onun yaradıcılığının keşməkeşli inkişaf dövrü tədqiq edilmişdir. Şairin tanınması və sevilməsində onun hələ gənc yaşlarından şeir məclislərində fəal iştirak etməsi, bir çox mətbuat orqanlarında ardıcıl və aktual çıxışları olmuşdur. Əliağa Vahid haqqında bu günə qədər bir çox tədqiqatçılar araşdırmalar aparmışdır. Məqalədə şair-qəzəlxana göndərilən və onun dostlarına, dövlət müəssisələrinə göndərdiyi məktubların elmi məziyyətləri göstərilmişdir. Bu məktubların şairin yaşadığı mühitin öyrənilməsində çox böyük əhəmiyyəti vardır. Əliağa Vahidin məktubları XX əsrin birinci yarısında Azərbaycan həyatının, məişətinin, teatr həyatının, mədəni quruculuq problemləri, ədəbi mühitin özünə xas cəhətləri, ictimai-siyasi və sosial ab-hava, onun təhlükə dolu reallıqlarının parlaq güzgüsüdür. Şair dostlarına yazdığı məktubları bədahətən, mənzum formada qələmə alırdı. Bu da bir daha şairin istedadlı şəxsiyyət olduğunu xəbər verir. Şairə ünvanlanan vətəndaş məktubları o dövr ədəbi mənzərəsinin belə bir cəhətini ehtiva edir ki, xalqla yaradıcı insanlar arasında sıx ünsiyyət olmuşdur. Məktublar təkcə dövrün ədəbi mənzərəsini deyil, həmçinin şairin öz dövründə çəkdiyi çətinlikləri də ortaya qoymuşdur. Nəticədə verilən təkliflər şairin yaradıcılığının daha da geniş tədqiqata ehtiyac olduğunu göstərir.

Açar sözlər: Əliağa Vahid, qəzəl, Sona xanım, Azərbaycan, məktub, sovet ədəbiyyatı