Sufizmdə şeir və musiqinin qarşılıqlı əlaqələri
Dilbər Hüseynova

Məqalədə ritmin insan həyatındakı yerindən, onun müxtəlif dini ayinlər zamanı istifadə olunmasından söhbət açılır. Daha sonra Azərbaycan musiqisinin ən gözəl nümunəsi olan muğamın, onun dərviş toyları zamanı istifadəsi təsvir olunaraq sufizm ayinləri ilə əlaqələndirilir. Sufizmdə ritmin vəcdəgətirici rolundan bəhs edilərək zikr, vird kimi vasitələrin ritmlə olan rabitəsindən danışılır. Eyni zamanda hizblə virdin fərqi izah olunur. Bununla yanaşı, vəcd zamanı yaranan ekstaz halının nəticələrinə baş vermiş real hadisələr misal olaraq göstərilir, məşhur sufilərin qələmə aldığı əsərlərdə bu məqamlar haqqında yazılanlara toxunulur, fikir bildirilir. Məqalə boyu yeri gəldikcə Azərbaycanda inkişaf etmiş sufi ədəbiyyatına da nəzər salınır. Ritmin məhz sufizmdə olan ayinlərin əsasında öyrənilməsi yeni yanaşma olub Azərbaycan muğamına da yeni baxış yaradır. Qeyd etmək lazımdır ki, duanın fərqli forması olan virdlərin insan ruhuna təsirini nəzərə alaraq bu sahədə olan əsərlərin də ciddi tədqiqinə lüzum olduğunu düşünürük. Məqaləni qısa şəkildə səciyyələndirsək, deyə bilərik ki, onun əsasını ritmik musiqi, sufi virdləri və poeziya əlaqələrinin xarakteristikasının verilməsi təşkil edir. Habelə qeyd etmək lazımdır ki, məhz sufi ayinlərinin, vəcd halının öyrənilməsi, aydın şəkildə qavranılması üçün bu məqamları bilmək də vacib məsələlərdir. Məqalənin sonunda Azərbaycanda sufizmlə bağlı ədəbiyyat nümunələrinə toxunulması da burada inkişaf etmiş sufi ədəbiyyatına qısa da olsa baxış bucağı yaradır. Və Azərbaycan muğamlarının sözlü mətnlərinin məhz bu şeirlər üzərində qurulması da muğamımızın özünün də sanki ilahi bir musiqi olmasından xəbər verir.

Açar sözlər: ritmik musiqi, sufi virdləri, zikr, poeziya əlaqələri, muğam