ABBASQULU AĞA BAKIXANOVUN “RİYAZU-L-QUDS” ƏSƏRİ KLASSİK MƏQTƏL ƏNƏNƏSİNİN DAVAMI KİMİ
Kəmalə NURİYEVA

İslam dininin məşhur şəhidləri haqqında yazılmış tarixi və ya ədəbi əsərlər olan məqtəl ədəbiyyatı yaranma tarixini ərəb yazılı ədəbiyyatından götürsə də fars və Azərbaycan dillərində yazılmış əsərlər daha məşhur olmuş, fərqli üslubun və ədəbi təmayülün yaranmasına səbəb olmuşdur. Azərbaycan ədəbiyyatı üçün ənənəvi olan bu ədəbiyyatın müasir dövrdə və müstəqil elm aspektindən öyrənilməsi yetərincə aktualdır. Mövcud məqalədə məqtəl ədəbiyyatının nümunələrindən olan A.Bakıxanovun “Riyazu-l-quds” əsəri tədqiqat obyekti olaraq müəyyən edilmişdir.

Məqalə giriş, üç bölmə və nəticədən ibarətdir. “Məqtəl ədəbiyyatının forma və məzmun xüsusiyyətləri, orta əsrlər məqtəl nümunələri” adlanan bölməsində məqtəl ədəbiyyatının yaranma tarixi, forma və məzmun xüsusiyyətləri, müxtəlif dövrlərə aid məqtəl əsərləri haqqında məlumatlar öz əksini tapır. Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Füzulinin müəllifi olduğu “Hədiqətus-suəda” əsəri““Riyazu-l-quds”un sələfi “Hədiqətus-suəda” əsərinin bəzi xüsusiyyətləri” başlıqlı bölmədə nəzərdən keçirilir. Məqtəl əsərlərinin klassik hüzn ədəbiyyatı olması səbəbindən məqalənin ““Riyazu-l-quds” əsərinin mövzusu, quruluşu və məzmunu” bölməsində A.Bakıxanovun “Riyazu-l-quds” əsəri ilk dəfə hüzn ədəbiyyatı kontekstində araşdırma obyekti olmuşdur. Məqalənin əsas obyekti olan “Riyazu-l-quds” əsərinin mövzusu, quruluşu və məzmunu müyyən qədər təhlil edilərək klassik məqtəl nümunəsi olması fikri isbat edilmişdir. Yazılması tarixindən iki əsr vaxt keçməsinə baxmayaraq əsər tam şəkildə öyrənilməmiş, hətta transfoneliterasiya edilərək nəşr edilməmişdir. Məqalənin müvafiq bölməsi işlənərkən əsərin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan (D-140) və hələlik elmə məlum olan yeganə əlyazma nüsxəsindən istifadə edilmişdir. Əlyazma şəklində günümüzə gəlib çatmış əsərin öyrənilməsi və nəşri A.Bakıxanov irsinin müasirlərimizə tanıdılması və gələcək nəslə mümkün qədər tam ötürülməsi üçün mütləqdir.

Açar sözlər: hüzn ədəbiyyatı, dini lirika, məqtəl, mərsiyə, Kərbəla, A.Bakıxanov