POEZİYA NÜMUNƏLƏRİNİN ORTA ƏSR ELMİ MÜHAKİMƏLƏRİNDƏ İSTİFADƏSİ – ŞƏVAHİD ANLAYIŞI
Heybət HEYBƏTOV

Məqalə Orta Əsr elmi mühitinin inkişafında əsas rol oynayan şeir və poeziya nümunələrinin müxtəlif elm sahələrində qayda və qanunların, həmçinin məna və onun çalarlarının dəqiqləşdirilməsi üçün istifadə edilməsi parametrlərinin, başqa sözlə desək, şəvahid anlayışının tədqiqi və araşdırılmasına həsr olunmuşdur. Müəllif məqalədə əsasən şeir şahidlərini, onun işlənmə yerini, əhatə dairəsini, şəvahid anlayışının filologiyada tətbiqi səviyyəsini izah etməklə yanaşı, onun təsnifatını da özünəməxsus şəkildə təqdim edir.

Qeyd etmək lazımdır ki, şahid anlayışının bir filoloji termin kimi formalaşmasında əsas rol qrammatiklərə aiddir. Orta əsrlərdə bütün elmlərin

inkişafını təmin edən, bu ümumi inkişaf yükünü öz çiyinlərində daşıyan vasitə ərəb dili olduğu üçün ilkin mərhələdə məhz ədəbiyyat elmlərinin bir parçası olan qrammatikaya aid kitablar daha çox yazılırdı. Filologiya elmləri arasında ilk inkişaf edən elm sahəsi də ərəb nəhvi olmuşdur. Bu sahəyə həsr edilmiş kitabların hamısında əsas qaynaq, fikrin isbatını, qaydanın düzgünlüyünü əsaslandıran vasitə poetik nümunələrdən, yaxud ərəb şeirinə aid şahidlərdən ibarətdir. Daha sonralar Quran elmlərinin digər sahələrində də tətbiq edilməyə başlayan şahidlər əslində, orta əsr elminin formalaşmasını, onun inkişafını təmin edən əsas vasitələrdən birinə çevrilir.

Açar sözlər: şahid, əl-beyt əl-müstəşhəd, istişhad, ihticac, hüccət, ğərib, muxədrəm