NİZAMİ GƏNCƏVİNİN ƏDƏBİ MODEL QURUCULUĞUNUN ŞƏRQ VƏ QƏRB ƏDƏBİYYATINDA DOĞURDUĞU KƏSİŞMƏ NÖQTƏLƏRİ
Rafael B. HÜSEYNOV

Müsəlman Şərqi xalqları ədəbiyyatında bəyənilən və ənənəvi olan bir cəhət Qərb ədəbiyyatları üçün səciyyəvi olmamış və təqdir də edilməmişdir. Ərəb, fars və türkdilli ədəbiyyatlarda məlum süjetin və onu müşayiət edən obrazlar sisteminin bir neçə əsr ərzində ayrı-ayrı şairlər tərəfindən davam etdirilməsi normal hal sayılmış, təkrarlanan mövzuda yazılmış əsərin orijinallığı hər bir şairin fərdi üslubunun özünəməxsusluqlarına görə müəyyənləşdirilmişdir. Qərb ədəbiyyatları üçün isə yeni süjet və mövzu axtarışları daha münasib gəlmiş, təkrarlanan ideya və süjetlər epiqonçuluq, hətta plagiat kimi qavranılmışdır. XII əsrin mütəfəkkir Azərbaycan şairi Nizami Gəncəvi, mənbələrin təsdiqinə və özünün də “Xəmsə”dəki işarəsinə görə, heç vaxt yaşadığı Gəncə şəhərindən kənara çıxmasa da, onun vəfatından lap az sonra, XIII əsrdən etibarən poemalarının təsir dairəsi bütün Yaxın və Orta Şərqi əhatə etmiş, XVII əsrdən başlayaraqsa Avropada da öz təsirini göstərməyə başlamışdır. Nizaminin adı və yaradıcılığı ilə bağlı ədəbi məktəbin və poetik ənənənin Şərqdə davam etdirilməsi nə qədər qanunauyğun bir hal kimi qiymətləndirilə bilərsə də, bu təmayülün Qərb ədəbiyyatlarına da sıçraması bir qədər gözlənilməzdir. Tarixi-müqayisəli aspektdə aparılmış tutuşdurmalar Nizaminin nümunəsində Şərq və Qərb ədəbiyyatları və mədəniyyətləri arasında bir sıra diqqətəlayiq kəsişmə nöqtələrini üzə çıxarır. Məqalənin “Nizami təsirinin başlıca parametrləri”, “Şərq ədəbiyyatlarında nəzirə ənənəsi və Nizami irsinin kanonlaşma xüsusiyyətləri”, “Nizaminin Avropa dillərinə tərcümələri və “Xəmsə” modelinin Qərb müstəvisinə keçidi”, “Nizaminin yaratdığı saqinamə janrı və bu ədəbi formanın Qərb ədəbiyyatında tətbiqi”, “Nizami süjetlərinin fransız mədəni mühitinə transferinin xüsusiyyətləri” adlı bölmələrində gəncəli dahinin yaradıcılığına xas model, ülgüyaratma keyfiyyətinin ayrı-ayrı aspektləri ayrıntıları ilə nəzərdən keçirilir. Nizami ədəbi ənənələrinin Şərq və Qərb poeziyasının nümunələri əsasında izlənilməsi göstərir ki, Avropa ədəbiyyatında Nizami əsərlərinin tərcüməsindən başlanan proses tədricən onun irsinə marağı artırmış, Şərq ədəbiyyatlarına xas olan Nizami süjetlərinə cavablar yazmaq adəti Qərb ədəbiyyatına da sirayət etmişdir. Nizaminin beş poemasının “Xəmsə” başlığı altında birləşdirilərək bir kompleks, vahid əsər kimi təqdim edilməsi təşəbbüsünün müəllifi şairin özü deyil, onun vəfatından sonrakı dövrün ədəbiyyatşünasları olmuşlar. Eyni zamanda Nizami yaradıcılığının bir model kimi təqdim edilməsi də onun özünün yox, ardıcıllarının təşəbbüsüdür. XIII əsrdən başlayaraq formalaşan Nizami irsinə cavablar yazmaq ənənəsi göstərir ki, “Xəmsə” 6 əsrdən artıq müddətdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında ədəbi zövq və səliqənin səviyyəsini müəyyən edən başlıca meyar olmuşdur. Tədqiq edilən nümunələr bunu da göstərir ki, davamçıları tərəfindən Nizami süjetləri, obrazları, bütövlükdə onun poetik sistemi təkrarlansa da, “Xəmsə”yə cavab olaraq yazılmış əsərlərin yüksək işlənmə texnikası ədəbi prosesdə durğunluğun baş verməsinin qarşısını almışdır. Qərb ədəbiyyatında Nizami süjetlərindən istifadənin ayrı-ayrı görkəmli şairlərin yaradıcılığında müşahidə edilməsi iki iqtibas formasının olduğunu nümayiş etdirir. Birincisi, Avropa şairləri Nizami obraz və süjetlərini əsərlərində Şərq koloritini qabarıq göstərməkdən ötrü məqsədli, hətta bir az da nümayişkaranə şəkildə öz orijinal əsərlərinə daxil edirlər; ikincisi isə Nizamidən müəyyən süjetləri götürərək onları inkişaf etdirir, tamam başqa bir gerçəkliyə tətbiq edərək tam müstəqil əsərlər yaradırlar. Bu iki baxış bucağından yanaşılanda, əslində, Nizamidən bəhrələnməklə yaradılmış Avropa əsərlərinin miqdarının daha geniş olduğu qənaəti yaranır. Bu mülahizə isə, öz növbəsində, yeni müvafiq araşdırmalar və mədəni-ədəbi transferin indiyədək haqqında bəhs edilməmiş kəsişmə nöqtələrinin müəyyənləşdirilməsi üçün yaxşı perspektivlər vəd edir. 

Açar sözlər: Xəmsə, Nizami Gəncəvi, Şərq-Qərb əlaqələri, ədəbi təsir, nəzirə, Qərb ədəbiyyatında Nizami süjetləri